AZ

Fransada güclü daşqınlar: Bir neçə departamentdə təxliyələr həyata keçirilir

Fransanın qərb bölgələrində baş verən güclü daşqınlar nəticəsində bir sıra yaşayış məntəqələri su altında qalıb, əhali təxliyə olunur. Bir neçə departament üzrə maksimal – “qırmızı” təhlükə səviyyəsi qüvvədə saxlanılır. Rəsmi qurumlar bildirir ki, hava şəraitinin nisbətən yaxşılaşmasına baxmayaraq, çaylarda suyun səviyyəsi artmaqda davam edə bilər.

AZƏRTAC “Météo-France”ın məlumatına istinadla bildirir ki, Luara-Atlantik, Men-e-Luara və Şarant-Maritim departamentləri daşqın riski ilə bağlı “qırmızı” xəbərdarlıq səviyyəsində qalır. Daha 14 departament isə “narıncı” – yüksək risk zonası kimi qiymətləndirilir.

Mən-e-Luara prefekturası təxminən min nəfər əhalisi olan Şef-sür-Sart kommunasının tam təxliyə olunduğunu açıqlayıb. Səbəb isə suyun fasiləsiz qalxmasıdır.

Sart çayında suyun səviyyəsi 6,63 metr yüksəlib və həftəsonu daha da arta bilər. Anje şəhərində isə Men çayı gözləniləndən yüksək həddə qalxıb və bir sutka ərzində 15 santimetr artım qeydə alınıb. Şəhər mərkəzinin bir neçə hissəsində subasmalar qeydə alınıb.

Qeyd edək ki, daşqınlar həftənin əvvəlində ölkə ərazisinin bir hissəsindən keçən Pedro qasırğası ilə əlaqədar güclü yağışlardan sonra baş verib.

Səlahiyyətli qurumlar risk zonalarında yaşayan əhalini ehtiyatlı olmağa çağırır. Xilasetmə və fövqəladə xidmətlər isə ərazilərdə monitorinq və müdaxilə tədbirlərini davam etdirir.

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr