"Xocalı faciəsinin baş verdiyi dövrdə mənim təxminən 15 yaşım var idi, lakin həmin illərin ictimai-siyasi prosesləri bu gün də hər kəsin yaddaşındadır. Müharibə şəraitində xalqın birliyi mövcud olsa da, insanları arxasınca aparacaq, siyasi prosesləri düzgün təhlil edəcək və beynəlxalq aləmdə nüfuz sahibi olacaq vahid və güclü rəhbərlik yox idi. Bütün məsələləri koordinasiyalı şəkildə həll edə biləcək liderliyin çatışmazlığı isə dövrün ən böyük çətinliklərindən biri olub. Həmin ağır mərhələnin yaratdığı çətinliklər hər birimizin taleyinə yazılıb".
QHT.az xəbər verir ki, bu fikirləri "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İB-nin sədri Cəsarət Hüseynzadə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda keçirilən Dəyirmi Masada bildirib. Onun sözlərinə görə, bu gün dövlətimiz güclüdür, amma itkin ailələrinin acısı hər il yox, demək olar ki, hər gün təzələnir. Onlar ailələrin ən əziz üzvləridir və sözsüz ki, bu ağrı xalqımızın hər bir nümayəndəsi üçün də ağırdır:
"Dövlətin öz xüsusi missiyası var, eyni zamanda müəyyən missiya da qeyri-hökumət təşkilatlarının üzərinə düşür. Son illərdə xüsusilə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin fəaliyyətini yaxşı mənada izləyirik. Yumşaq güc kimi ictimai birliklər bu prosesdə mühüm rol oynayır. Bəzən dövlətin deyə bilmədiyini qeyri-hökumət təşkilatları ifadə edir. Xüsusi məqam ondan ibarətdir ki, dövlət də imkanları çərçivəsində bu təşkilatlara dəstək göstərir. Eyni zamanda Dövlət Komissiyası ilə qeyri-hökumət təşkilatları arasında sağlam kommunikasiya mövcuddur. Siyahıların qarşılıqlı ötürülməsi və məlumat mübadiləsi çox müsbət haldır. Erməni məsələsinə toxunanda bəzən özümə sual verirəm. Xocalı hadisələrində rus hərbi qüvvələrinin müstəsna rolu olub. Müharibənin maliyyələşdirilməsindən tutmuş lobbiçilik fəaliyyətinə qədər müxtəlif xarici təsirlər mövcud idi. Lakin bütün hallarda ermənilərin törətdiyi vəhşiliklər bir daha sübut edir ki, bu düşmənçilik uzun illər davam edən sistemli erməni siyasətinin nəticəsidir. Xarici qüvvələrin təsiri olsa belə, bu proses uzun illərdir davam edir. Məhz buna görə cənab Prezidentin də dediyi kimi, biz həmişə ayıq və sayıq olmalıyıq. Azərbaycan Ordusu daim güclü olmalıdır. Sülhə hazır olmaq üçün hər zaman müharibəyə hazır olmaq lazımdır".
QHT sədri həmçinin bildirib ki, Xocalı ilə bağlı qeyd etmək istəyirəm ki, “Xocalıya ədalət” kampaniyası uzun müddət Leyla xanım Əliyevanın təşəbbüsü ilə beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən mühüm kampaniya oldu. Türkiyədə və dünyanın müxtəlif ölkələrində bu kampaniya geniş vüsət aldı və Xocalı soyqırımının tanıdılmasında müstəsna rol oynadı. Müəyyən dövrlərdə beynəlxalq mətbuatda da Xocalı ilə bağlı yazılar dərc olunub və biz bunları izləyirik:
"Beynəlxalq insan hüquqları təşkilatlarının fəaliyyətinə gəldikdə, təəssüf ki, yüzlərlə, minlərlə insanın kütləvi şəkildə hüquqlarının pozulmasına lazımi qiymət verilməyib. Söz azadlığı, ifadə azadlığı, birləşmək hüququ vacibdir. Bunlar hər birimiz üçün önəmlidir. Amma ən ali hüquq insanın yaşamaq hüququdur. Təxminən 4 004-ə yaxın itkin düşmüş şəxsin taleyi hələ də naməlumdur. Bu insanların yaşamaq hüququnun pozulmasına beynəlxalq təşkilatlar ilk növbədə qiymət verməlidirlər. Sizin fəaliyyətinizə uğurlar arzulayıram. Doğrudan da böyük iş görürsünüz. Ən vacibi isə odur ki, ətrafınızda bu insanlar – itkin ailələri, icmalar və benefisiarlar var. Məhz onların haqq səsi sizin gücünüzdür. Bilirəm ki, artıq bu məsələ Avropada da gündəmə gətirilir və ümid edirəm ki, növbəti illərdə də bu istiqamətdə fəaliyyət davam edəcək".