AZ

İsrailin məhdudiyyətlərinə baxmayaraq, fələstinlilər Ramazan ayının ilk cümə günü Əl-Əqsa məscidinə axın etdilər



On minlərlə fələstinli müsəlmanların ilk qibləsində cümə namazı qılmaq üçün İsrailin işğalı altında olan Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə axın etdi.
Fələstinlilər Ramazan ayının ilk cümə günü İsrail məhdudiyyətləri altında nəzarət məntəqələrindən keçərək Əl-Əqsa məscidinə çata biliblər.

İsrail polisi Əl-Əqsa məscidinin yerləşdiyi işğal olunmuş Şərqi Qüdsdəki Köhnə Şəhər ətrafında 3000-dən çox zabit yerləşdirdiyini açıqlayıb.
Bəyanatda qeyd olunur ki, ərazidəki çoxsaylı küçə və yollar nəqliyyatın hərəkəti üçün bağlanıb və saat 06:00 ilə 15:30 arasında nəzarət məntəqələri qurulub.

Köhnə Şəhərdə də barrikadalar qurulub və bəzi yollar bağlanıb. İsrail polisi bəzi fələstinlilərin şəxsiyyətini yoxlayır və digərlərinin Əl-Əqsa məscidinə girməsinə mane olur.

İsrail polis helikopterləri səhər saatlarından etibarən ərazi üzərində davamlı olaraq uçuşlar həyata keçirir.

Son bir neçə ildə olduğu kimi, Təl-Əviv administrasiyası işğal olunmuş Qərb Sahilindən Qüdsə cümə namazı üçün gələnlərə məhdudiyyətlər qoyub.

Qərb Sahilindən Qüdsə girməyə icazə verilən fələstinlilərin sayı 10.000 ilə məhdudlaşdırılıb, yalnız 55 yaşdan yuxarı kişilər, 50 yaşdan yuxarı qadınlar və 12 yaşdan kiçik uşaqlar birinci dərəcəli qohumlarının müşayiəti ilə əvvəlcədən icazə ilə daxil ola biliblər.

Fələstinlilər Beytləhm və Qüds arasındakı 300 nömrəli və Ramallah və Qüds arasındakı Qalandiya nəzarət məntəqəsində uzun növbələr yaradıblar. İsrail hakimiyyət orqanlarının icazəsi olsa da, bir çox fələstinli Qərb Sahilindən Şərqi Qüdsə keçə bilməyib.

Qəzzaya qarşı soyqırımına paralel olaraq digər ərazilərdə də fələstinlilərə qarşı təzyiqlərini artıran İsrail, son illərdə oxşar məhdudiyyətlərlə fələstinlilərin Əl-Əqsa məscidinə getməsini və ibadət etməsini çətinləşdirir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
8
aia.az

1Mənbələr