AZ

Ağıl duası İnsan mənzərələri silsiləsindən

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Əlisəfdər HÜSEYNOV

Kəndin yanından keçən şossenin qırağındakı bu pirin dəqiq yaşını kənd sakinlərindən heç kim bilmirdi. Kimə yaxınlaşıb bu barədə bir şey soruşsaydın, əvvəlcə cavab verəcəkdi ki, vallah, mən gözümü açıb bu piri elə burada görmüşəm. Sonra da buranın şəfa pirinə çevrilməsinin - az qala nağıllaşan bu mistik hadisənin tarixçəsi barədə eşitdiklərini həvəslə danışacaqdı: "Bir vaxtlar bu yerlərdə Cəmil adında bir bəy yaşayırmış. Böyük torpaq sahəsi, qoyun sürüləri, at ilxısı olan bu bəyin yeganə oğul övladı həm fiziki, həm də əqli cəhətdən şikəst doğulubmuş -  yeriyəndə yanını əyə-əyə gedirmiş, üstəlik, səlis danışa, fikrini ifadə edə bilmirmiş. Cəmil bəyin onu  aparmadığı məmləkət, göstərmədiyi loğman qalmayıbmış. Amma hər yerdən əli üzülü qayıdırmış. Axırda nurani bir loğman ona deyir ki, sənin oğlun Allahın əmri ilə belə doğulub, deməli, onun şəfa tapması da Allahın əlindədir. Ona görə də bu mənasız səfərlərlə özünü yorma, qayıt elinə-obana, yalnız Allahın mərhəmətinə, şəfqətinə ümid bağla. Bəlkə oğlun sağaldı".

Bu sözlərdən üzülən bəy, oğlu ilə bir yerdə öz vətəninə qayıdır. Uzun yol qət etdiklərindən kəndə çatanda bərk yorulublarmış. İndi pir yerləşən ərazidə iri bir palıd ağacı varmış. Ağacın kölgəsində otururlar ki, həm bir hovur nəfəs dərsinlər, həm də sudan-zaddan içsinlər. Uşaq çox yorulubmuş, göy çəmənin üstündə oturub kürəyini ağaca söykəyən kimi şirin, dərin yuxuya gedir və bu minvalla düz bir sutka yuxudan ayılmır. Cəmil bəy əvvəl qorxur, sonra fikirləşir ki, hər şeydə bir xeyir də var, gözləyək görək bu işin axırı necə olacaq. Bir sutkadan sonra uşaq əsnəyib top kimi qalxır ayağa, gül-gülə deyir ki, ay ata, deyəsən, çox yatdım. Cəmil bəy baxıb görür ki, uşağın beli demək olar ki, düzəlib, danışığını da başa düşmək olur. Elə orda dizini qoyub yerə ağlaya-ağlaya üzünü tutur göyə, deyir, ilahi, kərəminə, lütfünə şükür.

Sonralar bu əhvalat az qala nağıla dönüb ağızdan-ağıza, nəsildən nəsilə keçdikcə həmin o palıdın altının mistik şəfaverici gücü barədə söz-söhbət camaatın təkcə qəlbinə yox, həm də şüuruna hakim kəsilir. Xəstəsi, əlili, şili olanlar yaxından-uzaqdan dəstə ilə bura axışır, əllərini göyə açıb Allahdan öz xəstələrinə şəfa diləyir, dualarının qəbul olunması üçün palıdın yanındakı iri daşın altına nəzir qoyub xətircəm geri qayıdırlar. Bəziləri özləri ilə xalça-palaz gətirib yerə sərir, üstündə uzanıb mürgüləyirlər.

İstər sağdan, istərsə də əks tərəfdən şütüyən maşınların sürücüləri ağaca çatmağa 200-300 metr qalmış sürəti azaldır, radionu söndürür, çoxu isə palıdın tuşunda maşını saxlayıb xata-baladan uzaq olmaq üçün onun yanındakı daşın altına nəzir qoyurdular. Hamı əmin idi ki, burada hansısa bir övliyanın müqəddəs ruhu dolaşır və insanlara şəfa verən, onları qoruyan da həmin o müqəddəs ruhdur.

Bir müddətdən sonra palıd ağacı ömrünü başa vurdu. Onun çürümüş gövdəsini torpağa yaxın yerdən kəsdilər, amma kötüyünü çıxarmağa heç kəs cəsarət eləmədi və o kötük tezliklə kəndin dəlisi hoppala Şakirin nahar masasına çevrildi - hər gün günorta bura gəlib o kötüyün yanında oturaraq korjikini kəmali-səliqə ilə cibindən çıxararaq ləzzətlə yeyirdi və həmin müddətdə pirə nəzir gətirənlər, maşınlarını saxlayan sürücülər Şakirin korjik yeməkdən korjik rəngi alan sifətinə, yesir görkəminə baxıb başlarını bulaya-bulaya pullarını ona  verirdilər ki, yazıq gedib çörək alsın, bir az da çörək yesin, yoxsa korjik axırına çıxacaq bu yazığın. Şakir gözünə döndüyümün də ürəyində korjik sevdası elə kök salmışdı ki, çörək haqqında fikirləşmək əvəzinə naharının ləzzətini artırmaq üçün gedib "Kola", "Fanta", nə bilim, başqa şirin sular alırdı.

O ki qaldı daşın altına yığılan pullara, onları kəndin mollası Zərbalı kişi götürürdü və deyirdi ki, oxunan şəfa dualarının tez müstəcəb olması üçün aparıb rayon mərkəzindəki məscidin nəzir qutusuna salır.

lll

Bir neçə il əvvəl günorta vaxtı pir tərəfdə ağ kostyumlu qara eynəkli bir kişi peyda oldu. Qara kostyumlu, eynilə gözlərində qara eynək olan cangüdənlərinin müşayiəti ilə pirin yerlışdiyi sahədə bir xeyli müşahidə apardı, nələrisə ölçüb-biçdi və elə gəldiyi kimi də səssiz-səmirsiz lyüks maşında çıxıb getdi. Həmin vaxt kötüyün yanında oturub korjikini yeyən Şakir başılovlu kəndə qaçıb hay saldı ki, bəs gözünüz aydın, deyəsən, pirin yeri satılıb və tezliklə ondan əsər-əlamət qalmayacaq. Kəndə çaxnaşma düşdü, pıçapıçlar bir-birinə calandı və bir neçə gündən sonra daş, qum, sement dolu üç-dörd "Kamaz" yükünü pirin həndəvərinə boşaldanda kəndin ayağı yer tutan bütün sakinləri hay-həşirlə bura axışdı ki, görsünlər bu nə əhvalatdı. Elə bu vaxt molla Zərbalı özünü yetirib dedi ki, ay camaat, narahat olmayın. Belə ağır ocağı, kəramətli piri dağıtmağa kiminsə cəsarəti çatarmı? Əksinə, sevinin ki, pir müasir üslubda yenidən qurulur, ərazisi genişləndirilir, görkəmi yaxşılaşdılır ki, səxavətindən daha çox adam faydalansın, şəfa tapsın. Bu xeyirxah işə girişən xeyirxah şəxs isə əcdadı, yəni ulu babasının babası bu kənddən olan filankəs adlı bir iş adamıdır. O, neçə illərdir xaricdə - Latviyada yaşayır. Amma görürsünüz ki, qan, gen yaddaşı öz işini görür. Filankəs müəllim bu ərazini dövlətdən pulla alıb, indi  piri öz adına layiq bir səviyyəyə gətirib bizlərə ərməğan edəcək. Gəlin hamımız ona bir ağızdan "çox sağ ol" deyək...

Adamlar bu xəbərdən elə təsirləndilər ki, gözləri yaşardı, hətta əlini dəsmal üçün cibinə salanlar da oldu. "Çox sağ ol" minnətdatlığı "Halaldır", "Oğul belə olar" şüarlarına qarışdı. Və əgər həmin o filankəs müəllim həmin dəmdə burda olsaydı, camaat onu bağrına basıb üzündən öpmək üçün növbəyə durardı.

Xülasə, yenidənqurma işləri başladı. Bir qədər arxada məqbərəyə bənzər yığcam bir tikili inşa edildi, içəridən və çöldən divarlarına daş üzlük çəkilib dini rəmzlərlə bəzədildi. Qarşısına çınqıl daşı yayıb üstünü sementlədilər. Bir qədər sağda namaz otağı, ondan da sağda kiçik istirahət otaqları tikdilər ki, uzaqdan gələn uşaqlı adamlar, qadınlar özlərini rahat hiss eləsinlər. Məqbərənin sağında və solunda ağac əkməyi, gül kolları basdırmağı da unutmadılar. Ən çox diqqəti çəkən isə nəzir qutusu idi. Dəmirdən hazırlanmış qara rəngli iri qutu elə yerə qoyulmuşdu ki, dərhal diqqəti cəlb etsin, daha onu axtarmağa vaxt sərf olunmasın.

Beləliklə, yazın əvvəlində pirin ikinci həyatı başladı. Onun səs-sorağı tezliklə bütün respublikaya yayıldı. Əvvəllər yalnız ətraf kəndlərin sakinlərinin ziyarətgah yeri idisə, indi uzaq şəhərlərin, kəndlərin adamları da dəstə-dəstə pirə təşrif gətirirdilər. Özü də daha əvvəlki kimi yalnız xəstəliklərdən şəfa tapmaq üçün yox. İş yerində problemi olan, hansısa arzusunun tezliklə reallaşmasını arzulayan, evinin barlı-bərəkətli olması istəyi ilə alışıb-yanan adamlar da bu pirə üz tutur, nəzir qutusuna pul atır, qurban kəsir, geri qayıdanda da ürəklərində təkcə Allaha dualarının, yalvarışlarının yox, kəsdikləri heyvanın çəkisi, o qutuya atdıqları pulun dəyəri ağırlığında ümid, inam aparırdılar. Bir sözlə, burdakı səliqə-səhman, qaynar həyat hoppala Şakirdən savayı, hamının ürəyincə idi. Çünki Şakirin yetim-yesir görkəmi pirin yeni hüsnünə heç cür uyuşmurdu, necə deyərlər, yazıq ofsaydda qalmışdı. O da acığından qarğı atını elədən belə, belədən elə çapa-çapa acığını  ağlına gələn mahnıları ucadan oxumaqla çıxırdı.

lll

Günlərin bir günü kənd camaatının yatsa heç yuxusua da gəlməyən qəribə bir hadisə baş verdi: səhər tezdən pirin yanında iki qara "Mersedes" dayandı, maşından düşən şəxslər mədrəsənin, namaz və istirahət otaqlarının qapılarını örtüb möhürlədilər, nəzir qutusunu da götürüb tələsik çıxb getdilər. Görünür, onlar hərəkətlərinin camaat arasında necə reaksiya doğura biləcəyini əvvəlcədən doğru-dürüst ölçüb biçməmişdilər. O qədər gözlənilməz, ağlagəlməz hadisə idi ki, kənd camaatı əvvəlcə gördüyünə inanmaq istəmədi. Pir deyilən yerlə belə rəftar etməkmi olardı? Günün günorta çağı gəl qapılarını bağla, möhürlə, get. Özü də heç bir izahat-filan vermədən. Bunun üçün bu işə qol qoyanlar ya şir ürəyi yeməli, ya başları xarab olmalı, ya da hamını susdura biləcək daşdan keçən qeyri-adi bir səbəb ortaya qoymalı idilər.

Camaatın həyəcanı, təlaşı yavaş-yavaş qonşu kəndlərə də yayıldı. Axşama yaxın pirin həndəvərinə qocalı-cavanlı xeyli adam yığıldı və cəmi bir gün əvvəl ziyarətçilərin duaları, oxuduqları surələr səslənən ərazi qarğa bazarına döndü, hər ağızdan bir avaz gəlməyə başladı: biri "Yeddi oğul istərəm" filmindəki məscid səhnəsindən danışıb dedi ki, görünür, Mirpaşanın aqibəti bunlara dərs olmayıb. Bir başqası elan elədi ki, bu rəzalət dini azadlıq siyasətinə ziddir, ona görə də qarşısı alınmalıdır. Bir fanatik isə coşub lap qabağa getdi, dedi, vicdan haqqı, bu saat irəli şığıyıb o möhürü-filanı qırıb atacam yerə. Qoy gəlib məni tutsunlar...

Qarğa bazarının yavaş-yavaş etiraz mitinqinə çevrilməsi təhlükəsi yaranmışdı. Və əgər kənd bələdiyyəsinin sədri tövşüyə-tövşüyə başlovlu özünü yetirməsəydi, nələrin baş verəcəyini bir Allah bilirdi.

Camaat onu görən kimi quzğun kimi üstünə şığıdı ki, bu nə biabırçılıqdır, kim cavab vercək bu özbaşınalığa. Bələdiyyə sədri də adamları yara-yara özünü palıd kötüyünə çatdırdı, onun üstünə çıxıb sağ əlini qaldırdı ki, camaat sakitləşsin. Elə ki, xeyli əlləşəndən sonra buna nail oldu, boğazını arıtlayıb həyəcanla ucadan danışmağa başladı:

- Ay camaat, sakit olun və qulaq asın. Bu hadisədən ilk xəbər tutanlardan biri mən olmuşam. Elə o dəqiqə də məsələni aydınlaşdırmaq üçün rayon mərkəzinə üz tutmuşam, neçə kabinetin qapısını döymüş, neçə vəzifəli şəxsin qəbulunda olmuşam. Orda mənə bildirdilər ki, bir müddət əvvəl buranı alıb bu səliqə-səhmanı sizə ərmağan edən iş adamının biznesi qəfildən çöküb, banklara külli miqdarda borcu olduğuna görə məhkəmə onun bütün əmlakına, o cümlədən bu əraziyə, tikililərə də həbs qoyub ki, hərraca çıxarıb satsın. Bu, qanunun tələbidir. Qanunun qabağında biz nə edə bilərik ki?! Əlbəttə, rayon rəhbərliyi mərhəmət və humanizm göstərərək hərracdan əvvəl bu ərazini tikililərlə bir yerdə satın ala bilərdi, hətta buna təşəbbüs də göstərib. Amma...

Bələdiyyə sədri danışığına ara verdi. Qırımından hiss olunurdu ki, bundan sonra deyəcəyi sözlərin məsuliyyətindən çəkinir.

- Nə amma? - kimsə ucadan qışqırdı.

- Bunu demək çox ağırdır. Amma deməliyəm. İstəyirsiniz inanın, istəyirsiniz yox. Cəmil bəyin oğlunun şəfa tapdığı yer bura yox, kəndin o biri başında köhnə yolun ağzındakı çinar ağacının altı olub. Bu ərazidə isə Cəmil bəyin at ilxısının tövləsi yerləşirmiş. Xülasə,  nə vaxtsa kiminsə çinarla palıdı səhv salması böyük bir yanlışlıqla nəticələnib. Mənə inanmırsınızsa, rayonun ən yaşlı tarix müəllimi olan Mürvət kişini dinləyin. O, rayonumuzun, onun kəndləriin tarixi barədə kitab yazır. İndi hər şeyi dəlil-sübutla sizə izah edəcək.

Bələdiyyə sədri sözünü bitirib camaatdan bir az aralıda dayanmış arıq, ağsaçlı kişiyə əli ilə işarə elədi ki, ona yaxınlaşsın. Amma kötüyə çatıb üstünə çıxmaq, camaata izahat vermək o kişiyə müyəssər olmadı, çünki adamlar bu dəfə quzğun kimi onun üstünə cumdular, araya alıb sıxışdırmağa, pencəyinin qolundan, ətəyindən dartmağa, necə deyərlər, acıqlarını ondan çıxmağa başladılar. Elə bil bütün baş verənlərin səbəbkarı bu arıq, qoca kişi idi.

Bələdiyyə sədri işi belə görüb kötüyün üstündən düşdü ki, nə qədər, başı-gözü əzilməyib, pal-paltarı cırılmayıb qoca müəllimi camaatın əlindən alsın.

Elə bu vaxt heç kimin gözləmədiyi hadisə baş verdi. Hoppala Şakir adamların arasından sıçrayıb kötüyün üstünə qalxdı, bu vur-çatlasına baxa-baxa əllərini göyə qaldırıb dedi:

- İlahi, nə olardı, bu adamlara bir az ağıl verəydin...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
525.az

1Mənbələr