AZ

Bəşəriyyət MƏHV OLARSA… – Yer kürəsinin “qara qutusu” YARADILIR

Avstraliyada bəşəriyyətin məhvi ehtimalına qarşı “qara qutu” inşa edilir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Avstraliyanın Tasmaniya adasının qərb hissəsində “Earth’s Black Box” (Yerin qara qutusu) adlı unikal layihə həyata keçirilir.

Təxminən 10 metr uzunluğunda olan polad monolit bəşəriyyətin tarixini və onun mümkün məhv olma səbəblərini qeydə almaq üçün nəzərdə tutulub.

Konstruksiya 7,5 santimetr qalınlığında olan polad təbəqələrdən hazırlanıb və geoloji cəhətdən sabit olan uzaq bir ərazidə, qranit bünövrə üzərində quraşdırılır.

Qurğu günəş enerjisi ilə çalışacaq və yüz illərlə avtonom şəkildə fəaliyyət göstərmək üçün hazırlanıb.

Onun daxilində yerləşdirilən yaddaş sistemləri mütəmadi olaraq karbon qazının (CO2) konsentrasiyası, hava və okean temperaturları, dənizlərin turşuluq səviyyəsi, enerji istehlakı, həmçinin mühüm siyasi qərarlar, xəbərlər və sosial media paylaşımlarını qeydə alacaq.

Layihənin təşəbbüskarları Tasmaniya Universiteti, “Clemenger BBDO” agentliyi və “The Glue Society” sənət qrupudur.

Müəlliflərin fikrincə, qlobal bir tənəzzül və ya fəlakət baş verərsə, bu “qara qutu” gələcək nəsillərə bəşəriyyətin başına nələrin gəldiyini anlamağa imkan verəcək.

Sistemin tam şəkildə 2026-cı ildən gec olmayaraq işə düşməsi planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr