AZ

Xəzərdə əməliyyat və texniki xidmət müqaviləsi yenilənib

bp “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Şahdəniz” yatağının operatoru kimi mövcud platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə SOCAR AQŞ və ABŞ-ın “Helmerich & Payne” (H&P) şirkətinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering Company” MMC ilə müqavilənin yeniləndiyini elan edib.

Yenilənmiş müqavilə Xəzər dənizində bp-nin idarə etdiyi 8 neft və qaz hasilatı platformasının (Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq, ACE və Şahdəniz Alfa) istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin iş həcminə personal dəstəyi, texniki xidmət işlərinin icrası, ehtiyat hissələrinin idarə olunması, anbar təsərrüfatının təşkili, eləcə də qurğuların bütövlüyü və konstruksiyaların texniki xidməti üzrə yeni yaradılmış mühəndislik qrupunun idarə edilməsi daxildir.

Cari ilin mart ayından qüvvəyə minəcək bu müqavilənin ilkin müddəti 5 ildir, sonra isə üç dəfə birillik müddətə uzadılma imkanı da var. Müqavilənin ümumi dəyəri hər üç uzadılma müddətinin həyata keçəcəyi halda 1 milyard ABŞ dollarından çox ola bilər.

Yeri gəlmişkən, bu, Xəzər regionunda bp-nin güclü yerli tərəfdaşlığı olan şirkətlə bağladığı növbəti iri müqavilədir. Bu müqavilə bp və tərəfdaşlarının Azərbaycanda fəaliyyətə başladığı vaxtdan əsas öhdəlik kimi yerli potensialın inkişaf etdirilməsi üzrə həyata keçirdikləri uzunmüddətli strategiyanın daha bir əməli təsdiqidir. Yenilənmiş müqavilə, həmçinin bp-nin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədinə uyğundur.

bp-nin quyular üzrə vitse-prezidenti Rassel Morris “Turan Drilling & Engineering Company” ilə olan uzunmüddətli müqavilənin yenilənməsindən məmnunluğunu ifadə edərək deyib: “Xəzər regionunda uzun müddətdir təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərən operator kimi biz onilliklərə söykənən beynəlxalq təcrübəni, qabaqcıl qlobal yanaşma və texnologiyaları, SOCAR-ın Xəzərə dair dərin biliklərini və regionun qazma sənayesindəki aparıcı mövqeyini özündə birləşdirən bir şirkətlə əməkdaşlığımızın davam edəcəyindən, həqiqətən, çox razıyıq. bp regiondakı 33 illik uğurlu fəaliyyəti çərçivəsində Xəzərdə dünya səviyyəli platformaların istismarını həyata keçirir. İnanırıq ki, bu yeni müqavilə əməliyyatların təhlükəsiz, səmərəli şəkildə və qlobal sənaye standartlarına uyğun aparılması üzrə davamlı öhdəliyimizi dəstəkləyəcək”.

Xatırladaq ki, Azərbaycan qarşısında güclü və uzunmüddətli öhdəliyi olan bp və tərəfdaşları 33 ildir ki, ölkədə həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində fəal iştirak edirlər. İndiyədək bp öz tərəfdaşları ilə birlikdə Azərbaycanda neft-qaz layihələrinə və əlaqədar sahələrə 89 milyard dollardan artıq sərmayə yatırıb, AÇG yataqlar blokundan 4,6 miyard barel neft və “Şahdəniz” yatağından 264 milyard kubmetr qaz hasil edib. Xam neft Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanında 6 mindən çox tanker yüklənərək dünya bazarına yola salınıb. Bütün bu nailiyyətlər Azərbaycanda enerji sahəsinin dəyişməsinə əhəmiyyətli təsir edib və regionun inkişafına töhfə verib.

bp-nin operatorluğu ilə həyata keçirilən layihələr öz əsas biznes məqsədlərindən əlavə yerli icmalar üçün geniş mənfəətlər gətirib–çoxsaylı iş yerləri açılıb, gəlir imkanları yaradılıb, iqdisadi inkişafa dəstək verilib, işbirlikləri yaradılıb, sahibkarlıq inkişaf etdirilib təhsil və yerli bacarıqların inkişafına, idman və mədəni irs layihələrinə dəstək verilib.

Ümumilikdə isə, bp öz tərəfdaşları ilə birlikdə indiyədək sosial dayanıqlılıq layihələrinə 115 milyon dollardan çox vəsait xərcləyərək əməliyyatlarının qonşuluğunda yaşayan icmalara uzunmüddətli müsbət faydalar gətirib.

M.YAQUBZADƏ
XQ

Seçilən
11
8
xalqqazeti.az

10Mənbələr