AZ

Bu, Azərbaycanın Avropa məkanında təsir imkanlarını genişləndirir - Deputat

"Son dövrlərdə Prezident İlham Əliyevin beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirakı Azərbaycanın qlobal siyasətdə artan rolunun bariz göstəricisinə çevrilmişdir. Xüsusilə Münhen Təhlükəsizlik Konfransında iştirakı, Serbiyaya səfəri və Vaşinqtonda sülh təşəbbüsləri çərçivəsində keçirdiyi görüşlər ölkəmizin həm regional, həm də qlobal miqyasda nüfuzunun yüksəldiyini açıq şəkildə nümayiş etdirir".

Ölkə.az xəbər verir ki, bunu deputat Şahin İsmayılov parlamentdə çıxışı zamanı deyib. 
Deputat qeyd edib ki, ilk növbədə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır: "Bu platforma dünyanın ən nüfuzlu təhlükəsizlik forumlarından biridir və burada əsasən qlobal güclər, NATO ölkələri, aparıcı siyasətçilər və ekspertlər toplaşır. Azərbaycanın bu səviyyədə aktiv şəkildə təmsil olunması onu göstərir ki, ölkəmiz artıq regionun yox, Avrasiya məkanının təhlükəsizlik arxitekturasında mühüm aktor kimi qəbul edilir. Prezident İlham Əliyevin çıxışları zamanı Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, xüsusilə Orta Dəhliz layihəsi və regional sabitlikdə oynadığı rol ön plana çəkilmişdir. Bu isə Azərbaycanın Avropa üçün strateji tərəfdaş statusunun möhkəmləndiyini göstərir.

İkinci mühüm hadisə Prezidentin Serbiyaya rəsmi səfəridir. Bu səfər təkcə iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi deyil, həm də Azərbaycanın Balkan regionunda artan diplomatik fəallığının göstəricisidir. Serbiya Avropada mühüm geosiyasi mövqeyə malikdir və bu ölkə ilə strateji tərəfdaşlıq Azərbaycanın Avropa məkanında təsir imkanlarını genişləndirir. Enerji, investisiya, nəqliyyat və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsi Bakı ilə Belqrad arasında uzunmüddətli strateji əlaqələrin formalaşdığını göstərir. Bu isə Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də etibarlı siyasi tərəfdaş kimi qəbul edildiyini sübut edir.
Üçüncü mühüm istiqamət Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasında iştirakı ilə bağlıdır. ABŞ paytaxtında keçirilən görüşlər Azərbaycanın qlobal diplomatiyada daha fəal rol oynadığını nümayiş etdirir. Xüsusilə post-münaqişə dövründə regionda dayanıqlı sülhün təmin olunması, kommunikasiya xətlərinin açılması və əməkdaşlıq mühitinin yaradılması istiqamətində Azərbaycanın təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Prezident İlham Əliyevin bu platformalarda çıxışları Azərbaycanın sülh gündəmini irəli aparan ölkə kimi təqdim olunmasına xidmət edir.

Bu hadisələri birləşdirən əsas xətt Azərbaycanın artan nüfuzudur. Son illərdə ölkəmiz enerji təhlükəsizliyi, logistika marşrutları, humanitar təşəbbüslər və regional sabitlik baxımından əvəzolunmaz tərəfdaş kimi çıxış edir. Xəzər hövzəsindən Avropaya uzanan enerji və nəqliyyat layihələri Azərbaycanın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Bu reallıq beynəlxalq platformalarda ölkəmizə göstərilən diqqətin əsas səbəblərindən biridir".
O əlavə edib ki, Azərbaycanın nüfuzunun artmasında Prezident İlham Əliyevin şəxsi siyasi çəkisi xüsusi rol oynayır: "O, uzun illər ərzində formalaşdırdığı balanslı xarici siyasət kursu sayəsində həm Qərb, həm Şərq, həm də region ölkələri ilə eyni vaxtda konstruktiv münasibətlər qurmağı bacarmışdır. Beynəlxalq liderlərlə birbaşa dialoq qurmaq, mürəkkəb məsələlərdə aydın və qəti mövqe nümayiş etdirmək onun diplomatik üslubunun əsas xüsusiyyətləridir. Bu isə Azərbaycanın mövqelərinin daha inamla müdafiə olunmasına imkan yaradır.
Beləliklə, Azərbaycanın artan beynəlxalq mövqeyi və dövlət başçısının güclənən siyasi çəkisi ölkəmizin gələcəkdə də regional və qlobal proseslərdə mühüm söz sahibi olacağını deməyə əsas verir".

Mürtəza

Seçilən
40
olke.az

1Mənbələr