AZ

Məktəbəqədər təhsil məcburi olmalıdır - deputatdan ŞƏRTLƏR

Məktəbəqədər təhsilin məcburi olması məsələsi müasir təhsil siyasətində geniş müzakirə olunan mövzulardan biridir. Erkən yaş dövrü uşağın intellektual, psixoloji və sosial inkişafının ən həssas və formalaşdırıcı mərhələsi hesab olunur. Bu mərhələdə keyfiyyətli təhsil mühitinə cəlb olunma uşaqların idrak bacarıqlarının, ünsiyyət vərdişlərinin və ilkin akademik kompetensiyalarının formalaşmasına mühüm təsir göstərir.

Tədqiqatlar göstərir ki, məktəbəqədər təhsil almayan uşaqlarla eyni sinifdə olan uşaqlar arasında ilkin akademik və idrak bacarıqları fərqi diqqət çəkir. Bu, sinifdə performansın fərqliliyinə, müəllimlərin dərs planlamasının çətinləşməsinə və erkən təhsilin üstünlüklərini alan uşaqlarla digərləri arasında sosial inteqrasiya gecikmələrinə səbəb olur.

Məktəbəqədər təhsilin məcburi olması müzakirə olunmalıdırmı? 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Mehriban Vəliyeva qeyd edib ki, bu məsələ mütləq şəkildə geniş ictimai və elmi müzakirəyə çıxarılmalı, ciddi tədqiqat obyekti olmalıdır:

177980

"Bunun bir neçə əsas səbəbi var. Erkən yaş dövrü uşağın idraki bacarıqlarının, nitq və ünsiyyət vərdişlərinin, emosional-intellektual inkişafının, sosial davranış modellərinin formalaşdığı ən vacib mərhələdir. Bu mərhələdə keyfiyyətli təhsil mühiti gələcək məktəb uğurunun əsasını qoyur. Məktəbəqədər təhsilin icbariliyi sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün uşaqlar üçün  eyni başlanğıc imkanı təmin edə bilər, regionlararası və ailələrarası təhsil fərqlərini azalda bilər".

Tədqiqatlar göstərir ki, erkən təhsilə cəlb olunan uşaqlar sonrakı təhsil pillələrində daha yüksək nailiyyətlər əldə edir:

"Həmçinin məktəbi yarımçıq tərk etmə riski daha aşağı olur, əmək bazarına daha hazırlıqlı daxil olurlar. Lakin müzakirə yalnız “icbari olsun, ya yox” çərçivəsində deyil, “necə, hansı model əsasında və hansı şərtlərlə” sualları ətrafında aparılmalıdır İlk növbədə iqtisadi amillər nəzərə alınmalıdır. Əgər məktəbəqədər təhsildə əlçatanlığı 50 faizə çatdıra bilməmişiksə, deməli, yeni bağçaların tikintisi, müəllimlərin hazırlanması və saxlanma xərcləri dövlət büdcəsinə yük yarada bilər.

Uzunmüddətli iqtisadi faydasına gəldikdə isə deyə biərik ki, erkən təhsilə qoyulan investisiya gələcəkdə sosial yardım xərclərinin azalmasına, işsizliyin azalmasına, məhsuldarlığın artmasına, işləyən valideynlər üçün məktəbəqədər təhsil sosial dəstək funksiyası daşıdığı üçün  məşğulluq səviyyəsinin artmasına səbəb ola bilər.

Bütün bunları təmin etmək üçün isə bu sahədə ciddi islahatlara ehtiyac var. Hal-hazırda alternativ modellər tətbiq olunur. Məsələn: dövlət və özəl tərəfdaşlıq modeli düşünürəm ki, faydalıdır. Ümumiyyətlə, özəl və bələdiyyə sektorlarının imkanları və rolu nəzərdən keçirilməlidir. Niyə də müəssisələr imkanı daxilində işçilərin rifahı üçün bu imkanları yaratmasın?

Məktəbəqədər təhsilin icbari olması məsələsi müzakirə olunmalıdır və bu müzakirə elmi əsaslara, sosial reallıqlara və iqtisadi imkanlara söykənməlidir. İcbariləşdirmə yalnız aşağıdakı şərtlərlə səmərəli ola bilər: keyfiyyətli və əlçatan infrastruktur mövcuddursa, müəllim hazırlığı yüksək səviyyədədirsə, sosial bərabərlik prinsipi qorunursa, tədris proqramlarının keyfiyyəti varsa, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün uyğun şərait təmin olunursa, valideynlərin maarifləndirilməsi aparılırsa.Əks halda, məqsəd erkən inkişafı gücləndirmək olsa da, nəticə gözlənilən effekti verməyə bilər".

Seçilən
50
1
azedu.az

2Mənbələr