İntellektual potensial gələcəyimizin təminatıdır -Fotolar
Fevralın 19-da Milli Məclisdən olan həmkarlarım - Tamam Cəfərova, Şahin Seyidzadə və Elçin Mirzəzadə ilə birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “İnsan kapitalının inkişafında gənclərin rolu” mövzusunda tələbələrlə görüşdə iştirak etdik. Dərhal qeyd edim ki, bu görüş məndə son dərəcə xoş və qürurverici təəssüratlar yaratdı.
Tədbirdən öncə filialın şəhid-məzunlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdik. Bu an bir daha göstərdi ki, bugünkü Azərbaycan gəncliyi həm Vətənə sədaqəti, həm də gələcəyə inamı özündə birləşdirən möhkəm mənəvi dayaqlara sahibdir. Ardınca tanış olduğumuz müasir tədris infrastrukturu, yaradılmış akademik və psixoloji mühit gənclərin hərtərəfli inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsi idi.
Görüşün rəsmi hissəsində filialın direktoru, dosent Tünzalə Yusifovanın çıxışı xüsusilə diqqət çəkdi. O, Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı strateji baxışının bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, insan kapitalının əsasını məhz savadlı, dünyagörüşlü və milli dəyərlərə bağlı gənclərin təşkil etdiyini qeyd etdi. Filialın bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir.
Tələbələrlə dialoq zamanı onların sərbəst düşünməsi, məqsədyönlü sualları və gələcəyə dair aydın planları məndə Azərbaycan gəncliyinə böyük inam yaratdı. Bu gənclər təkcə bilik əldə etməklə kifayətlənmir, eyni zamanda ölkənin inkişafında fəal rol almağa hazır olduqlarını açıq şəkildə nümayiş etdirirlər. Əminliklə deyə bilərəm ki, belə düşünən, təşəbbüskar və məsuliyyətli gənclik Azərbaycanın insan kapitalının ən etibarlı təminatıdır. Bu görüş bir daha göstərdi ki, regionlarda formalaşan intellektual potensial ölkəmizin gələcək inkişafının əsas dayaqlarından biridir.
Novruzəli Aslanov,
Milli Məclisin deputatı.