Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
2026-cı ildə yaşayırıq. Süni intellekt həyatımıza daxil olub, şəhərlər “ağıllı” sistemlərlə idarə olunur, insanlar bir kliklə dünyanın o başı ilə əlaqə qurur. Amma səhər saatlarında işə gedən avtobusda hələ də eyni səhnə “yer ver”, “mən əvvəl minmişəm”, “görmürsən yaşlıyam?” kimi mübahisələr yaşanır.
Bu mənzərə təkcə nəqliyyat problemi deyil. Bu, cəmiyyətin güzgüsüdür. Səhər saatlarında avtobusda sıxlıq artıq adi haldır. İnsanlar yorğun, yuxusuz və əsəbi şəkildə işə tələsir. Bu vəziyyətdə bir oturacaq sadəcə oturmaq yeri deyil o, rahatlıq, hörmət və bəzən də ədalət simvoluna çevrilir. Kimsə yer verməyəndə məsələ fiziki rahatlıqdan çıxır, mənəvi münasibət məsələsinə çevrilir.
Əvvəllər yaşlılara, qadınlara, əlilliyi olan şəxslərə yer vermək yazılmamış qayda kimi qəbul olunurdu. Bu, təkcə nəzakət deyil, həm də cəmiyyət daxilində qarşılıqlı hörmətin göstəricisi idi. Bu gün isə bəzən insanlar bunu məcburiyyət kimi qəbul edir, hətta yer verdikdə belə narazılıq hiss olunur sanki kiminsə haqqı əlindən alınıb.
Digər tərəfdən, oturacaq uğrunda mübahisə edənlərin hamısını qınamaq da asan çıxış yoludur. Uzun iş saatları, maddi stress, tıxaclar və gündəlik qayğılar insanların psixoloji gərginliyini artırır. Bəzən bir insanın bütün günü məhz o 15 dəqiqəlik oturacaq rahatlığından asılı olur.
Bəs problem nədədir? Problem yer azlığında deyil. Problem empatiyanın azlığındadır.
Avtobus cəmiyyətin kiçik modelidir. Orada hər yaşdan, hər peşədən, hər sosial təbəqədən insanlar var. Əgər biz 10 dəqiqəlik yol yoldaşımıza anlayış göstərə bilmiriksə, daha böyük sosial problemləri necə həll edəcəyik? Bəlkə də sual “kim yer verməlidir?” deyil. Sual “biz necə insan olmaq istəyirik?” olmalıdır. Çünki bir oturacaqdan qalxmaq bədəni yorsa da, cəmiyyəti ayaqda saxlayan məhz belə kiçik davranışlardır.
Leyla Mirzə, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.