AZ

Ölkədə kütləvi qrip dalğası - İnfeksionistdən MÜHÜM açıqlama

Son həftələr ölkədə respirator virus infeksiyalarının artması müşahidə olunur. Mövsümi keçid dövrlərində temperatur və rütubətin dəyişməsi immun sisteminə təsir göstərir, orqanizmin viruslara qarşı müqavimətini zəiflədir. Payız və qış aylarında havaların soyuması, insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi, kollektiv mühitlərdə yaxın təmasda olması yoluxma riskini artırır. Məktəblər, uşaq bağçaları, ofislər və ictimai nəqliyyat kimi sıx məkanlar virusların yayılması üçün daha əlverişli şərait yaradır.

Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, hazırda daha çox yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları, qrip və qripə bənzər viruslar qeydə alınır. Xəstələr əsasən yüksək hərarət, öskürək, burun axıntısı, boğaz ağrısı, baş və əzələ ağrıları, ümumi halsızlıq kimi simptomlarla həkimə müraciət edirlər. Əksər hallarda xəstəlik yüngül və orta ağır formada keçsə də, azyaşlı uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olan şəxslər risk qrupuna daxildir. Bu kateqoriyada ağırlaşma ehtimalı daha yüksək qiymətləndirilir.

Mövzu ilə bağlı infeksionist-pediatr Aytən Ziyadova Musavat.com-a faktı təsdiqləyib: “Son həftələrdə müşahidə olunan respirator virus infeksiyalarının artması mövsümi keçid dövrlərinin təsiri ilə əlaqəlidir. Bu dövrlərdə temperaturun və rütubətin dəyişməsi immun sistemini zəiflədir, bu da bədənimizi viruslara qarşı daha həssas edir. Xüsusilə, qış və payız aylarında, havanın soyuq olması, insanların qapalı mühitlərdə daha çox vaxt keçirməsi və bir-birinə yaxın olmaları virusların yayılmasını sürətləndirə bilər”.

İnfeksionist əlavə edib ki, qrip və digər respirator virusların yayılması, daha çox qapalı və isti mühitlərdə asanlaşır. İsti hava özü virusları daha çox yaymır, amma insanların bir-birinə yaxın olması, sıx məkanlarda daha çox zaman keçirməsi virusların ötürülmə ehtimalını artırır. Həmçinin, soyuq havalarda immun sistemin daha zəif işləməsi də bu prosesə əlavə təsir edir. Bu qrip dalğası, mövsümün tələblərinə görə, təxminən 4-6 həftə davam edə bilər. Lakin vaksinasiya və şəxsi gigiyena qaydalarına əməl edilməsi halları yüngülləşdirə və yayılma sürətini azalda bilər. İstifadə olunan ən yaxşı tədbirlər arasında əlləri yumaq, maska taxmaq və sıx qapalı məkanlardan bacardıqca uzaq durmaq yer alır”.

Oxşar vəziyyət hazırda dünyanın bir sıra ölkələrində də müşahidə olunur. Misal üçün, Türkiyə və Rusiyada mövsümi qrip və respirator viruslarla bağlı müraciətlərin artdığı bildirilir. Almaniya və Fransada səhiyyə qurumları məktəblərdə yoluxma hallarının çoxaldığını açıqlayıb. Böyük Britaniyada isə qrip və RSV (respirator sinsitial virus) hallarında artım qeydə alınıb. ABŞ-də xəstəliklərə nəzarət mərkəzləri mövsümi qrip dalğasının aktiv fazaya keçdiyini bildirir. Asiya regionunda, xüsusilə Çində respirator infeksiyaların yayılmasında artım müşahidə olunur.

Mütəxəssislər qeyd edirlər ki, bu artım pandemiya xarakterli deyil, mövsümi xarakter daşıyır və hər il müəyyən dövrdə təkrarlanır. Bununla belə, qlobal miqyasda insanların aktiv hərəkəti, beynəlxalq səfərlər və sıx urbanizasiya virusların daha sürətli yayılmasına şərait yaradır. Respirator infeksiyaların böyük hissəsi virus mənşəlidir və özbaşına antibiotik qəbulu düzgün deyil. Simptomlar ağırlaşdıqda, nəfəs darlığı yarandıqda və ya hərarət uzun müddət davam etdikdə mütləq həkimə müraciət olunmalıdır.

Seçilən
5
ekologiya.az

1Mənbələr