AZ

“Science Advances” jurnalı: Dünyada meşə yanğını riski yüksək olan günlərin sayı üç dəfə artıb

Berlin, 20 fevral, AZƏRTAC

Dünyada yüksək meşə yanğınları riski daşıyan günlərin sayı üç dəfə artıb. Alimlərin hesablamasına görə, artımın yarıdan çoxu insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Science Advances” elmi jurnalında dərc olunan araşdırmada qeyd edilib. Araşdırmaya əsasən, 1979-cu ildən sonrakı 15 il ərzində dünyada hər il orta hesabla 22 gün yüksək meşə yanğını riski qeydə alınıb. Bu günlər qeyri-adi dərəcədə isti, quru və küləkli hava şəraiti ilə xarakterizə olunub. 2023-cü və 2024-cü illərdə isə bu göstərici 60 gündən çox olub.

Meşə yanğını riskinin artmasına bir neçə amil təsir göstərir. Məsələn, uzun müddət yağış yağmadıqda torpağın üst qatları rütubətini itirir. Qarışıq meşələr bu vəziyyətə iynəyarpaqlı meşələrlə müqayisədə daha davamlıdır. Həmçinin müxtəlif ağac növlərindən ibarət meşələrdə alov monokultura meşələrə nisbətən daha yavaş yayılır. Yanğınların səbəbi çox vaxt müəyyən edilməsə də əksər hallarda ən çox rast gəlinən səbəb insan faktorudur.

Tədqiqatda, həmçinin qeyd edilib ki, qlobal istiləşmənin davam etməsi ilə bir neçə regionda eyni vaxtda yanğın üçün əlverişli hava şəraitinin yaranma ehtimalı artır. Bu isə qonşu ərazilərdən yardımın gəlməsini çətinləşdirir, çünki həmin ərazilər də yanğın riski ilə üzləşə bilər.

Alimlərin sözlərinə görə, bu araşdırma sözügedən fenomeni ilk dəfə qlobal miqyasda təhlil edib. Dünya üzrə araşdırmanın aparıldığı 14 regiondan təkcə Cənub-Şərqi Asiyada yanğın riski daşıyan günlərin sayında azalma müşahidə olunub. Bunun da həmin bölgədə rütubətin artması ilə bağlı olduğu bildirilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
47
1
azertag.az

2Mənbələr