AZ

Enerji keçidi, sosial inklüzivlik və yeni imkanlar – Real Hacıyevlə müsahibə » AzadMedia.az

Xəbər verdiyimiz kimi 17 fevral 2026-cı il tarixində Bakı şəhərində, Holiday Inn Baku Hotel-də “Bərpa Olunan Enerji Mənbələri və Dayanıqlı Ətraf Mühit üzrə Təhsil Proqramının Formalaşdırılması” mövzusunda Layihənin Açılış Tədbiri və Texniki Dəyirmi Masa uğurla keçirildi.

Tədbir Abu Dhabi Future Energy Company PJSC “Masdar” tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan-EBRD Əməkdaşlıq Fondu vasitəsilə maliyyə dəstəyi ilə həyata keçirildi.

Tədbir zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin Baş bankiri Real Hacıyev Azadmedia.az-ın suallarını cavanlandırıb.
Sözühedən müsahibəni təqdim edirik:

- Azərbaycanın enerji sektoru hazırda ciddi transformasiya mərhələsindədir. Yaşıl enerjiyə keçid prosesində EBRD-nin rolu nədən ibarətdir?

- Azərbaycan enerji keçidinə strateji prioritet kimi yanaşır və biz bu prosesdə yalnız maliyyə təmin edən qurum kimi deyil, eyni zamanda uzunmüddətli inkişafı dəstəkləyən tərəfdaş kimi çıxış edirik. Məqsədimiz təkcə konkret layihələri maliyyələşdirmək deyil, ümumilikdə yaşıl enerji sektorunun dayanıqlı şəkildə formalaşmasına töhfə verməkdir. Biz hökumət və özəl sektorla birlikdə işləyərək həm investisiya mühitinin gücləndirilməsinə, həm də sektorun institusional əsaslarının möhkəmləndirilməsinə dəstək veririk.

- Siz tez-tez “yaşıl enerji ekosistemi” ifadəsini işlədirsiniz. Bu anlayış konkret olaraq nəyi əhatə edir?

- Yaşıl enerji ekosistemi dedikdə biz yalnız enerji istehsalı layihələrini nəzərdə tutmuruq. Bu anlayışa qanunvericilik bazasının təkmilləşdirilməsi, maliyyə mexanizmlərinin formalaşdırılması, yerli bazarın inkişafı və insan kapitalının gücləndirilməsi daxildir. İnfrastrukturun qurulması vacibdir, lakin bu sahədə çalışacaq ixtisaslı mütəxəssislər olmadan sektorun davamlı inkişafı mümkün deyil. Buna görə də biz paralel şəkildə təhsil və bacarıq inkişafı istiqamətinə də diqqət yetiririk.

- Yaşıl enerji ilə sosial məsələlər arasında balans necə qorunur?

- Enerji keçidi sosial təsirləri nəzərə alınmadan uğurlu ola bilməz, çünki bu proses iqtisadi struktura və əmək bazarına birbaşa təsir göstərir. Biz xüsusilə gənclərin və kənd yerlərində yaşayan qadınların bu yeni imkanlardan yararlana bilməsi üçün təlim proqramlarının hazırlanmasına dəstək veririk. Bu proqramlar insanlara yeni texnologiyalar və müasir enerji sahəsində tələb olunan bacarıqları qazandırır və onları real iş imkanlarına yaxınlaşdırır. Beləliklə, yaşıl enerji yalnız ekoloji təşəbbüs deyil, eyni zamanda sosial inklüzivliyin və regional inkişafın mühüm alətinə çevrilir.

- Qarşıdakı illər üçün əsas gözləntiləriniz nədir?

- Qarşıdakı dövrdə yaşıl enerji layihələrinin sayının artacağını və sektorun daha da genişlənəcəyini gözləyirik. Bu isə yeni iş yerlərinin yaranması və ixtisaslı kadrlara tələbatın yüksəlməsi deməkdir. Xüsusilə regionlarda həyata keçirilən layihələr yerli iqtisadi fəallığı artıracaq və uzunmüddətli inkişaf üçün əlavə imkanlar yaradacaq. Biz inanırıq ki, düzgün planlaşdırma, güclü tərəfdaşlıq və insan kapitalına investisiya sayəsində Azərbaycan daha dayanıqlı və rəqabətqabiliyyətli enerji modelinə keçidi uğurla həyata keçirəcək.

Elnurə Abuşova

Seçilən
73
1
azadmedia.az

2Mənbələr