AZ

Fransada keçirilməsi planlaşdırılan yürüş ərəfəsində gərginlik artır

Paris, 20 fevral, AZƏRTAC

Fransanın Lyon şəhərində şənbə günü keçirilməsi planlaşdırılan yürüş ərəfəsində gərginlik artır. Polis mənbələrinin məlumatına görə, millətçi fəal Kventin Derankın xatirəsinə təşkil olunacaq aksiyada təxminən 1000 ultra sağçı, 1500 isə ultra solçu yönümlü fəalın iştirakı gözlənilir.

AZƏRTAC xəbər verir ki, 23 yaşlı identitar fəalın ölümü ilə bağlı keçiriləcək yürüş saat 15:00-a təyin olunub. Şəhərin meri, ekoloq siyasətçi Grégory Doucet aksiyanın qadağan olunması üçün Ron prefekturasına müraciət edib. Prefektura isə qərarın hələ qiymətləndirmə mərhələsində olduğunu açıqlayıb.

Polis mənbələrinin bildirdiyinə görə, ultra sağ düşərgədən İtaliya, Belçika və Almaniyadan da onlarla fəalın gəlməsi gözlənilir. Eyni zamanda, Lyon və ətraf regionlardan ultra solçu qruplar sosial şəbəkələrdə “küçəni qarşı tərəfə buraxmamaq” çağırışı ediblər. Hakimiyyət orqanları mümkün əks-nümayiş ehtimalını da nəzərdən keçirir.

Bununla belə, təhlükəsizlik orqanları indiyədək birbaşa toqquşma niyyətinin qeydə alınmadığını bildirirlər. Rəsmi mənbələrə görə, əsas məqsəd “mövqe nümayiş etdirməkdir”, lakin asayişin qorunması üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək.

Yürüşün həmtəşkilatçılarından biri Aliet Espyö 2000–3000 nəfərin iştirak edəcəyini ümid etdiyini bildirib və aksiyanın “qarşıdurma məqsədi daşımadığını” vurğulayıb.

Lakin mer Qreqori Duşe şəhərdə və ətraf ölkələrdən gələcək ifrat sağçı fəalların varlığından, eləcə də seçilmiş şəxslərə qarşı təhdidlər və parlament ofislərinə zərər vurulması hallarından narahatlığını ifadə edib. O, yürüşün qadağan edilməsini yeganə məsuliyyətli qərar kimi qiymətləndirib.

Prefekturanın yekun qərarının yaxın saatlarda açıqlanacağı gözlənilir. Şəhərdə təhlükəsizlik qüvvələri mümkün gərginlik fonunda yüksək hazırlıq vəziyyətinə gətirilib.

Seçilən
87
2
azertag.az

3Mənbələr