Qəzza sektorunun idarə olunması üzrə Fələstin komitəsi öz vəzifə öhdəliklərini yerinə yetirmək üçün anklavın bütün rayonlarına çıxış əldə etməlidir.
"Report" xəbər verir ki, bunu Misirin Baş naziri Mustafa Madbuli Vaşinqtonda Sülh Şurasının ilk iclasında çıxış edərkən deyib.
"Biz İordan çayının Qərb sahili ilə Qəzza sektoru arasında coğrafi və institusional əlaqəni qoruyub saxlayacağıq", - o qeyd edib.
Misirin Nazirlər Kabinetinin başçısı vurğulayıb ki, Qahirə İsrailin Qərb sahilini ilhaq etmək planlarının hamısını qəbuledilməz hesab edir və ABŞ Prezidenti Donald Trampa bu mövqeyi bölüşdüyünə görə minnətdardır.
"Biz hesab edirik ki, Fələstin Milli Administrasiyası üçün Qəzzada öz hakimiyyətini bərpa etmək son dərəcə vacibdir", - Madbuli bəyan edib və Misirin hazırda Fələstin polisinin əməkdaşlarına təlim keçdiyini təsdiqləyib.