AZ

Hüquqşünas Əliməmməd Nuriyev: “Deportasiya cəzanın əvəzi deyil, bu qərar dövlətin inzibati qərarıdır”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən 3 əcnəbi azadlığa buraxılıb. Ötən ilin avqustunda Bakıya turist kimi gələn 3 Səudiyyə Ərəbistan vətəndaşı müqəddəs məkanda nalayiq hərəkətlər edərək bunu sosial şəbəkədə paylaşmış, hadisə geniş rezonans doğurmuşdu. Onlar bu gün Bakı İstintaq Təcridxanasından azad edilərək Dövlət Miqrasiya Xidmətinə təhvil veriliblər. Hər biri Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirli bilinmiş, əvvəlcə 2 il həbs cəzası almışdı. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza 6 aya endirilib.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, həmin hərəkəti Azərbaycan vətəndaşı da törətsəydi, hüquqi tövsif dəyişməz qalacaqdı: “Azərbaycan cinayət hüququnda sadə bir prinsip var. Cinayət törədən şəxsin vətəndaşlığı məsuliyyət daşımır. Başqa sözlə desək, hər kəs istər əcnəbi, istər yerli vətəndaş, istər vətəndaşlığı olmayan şəxs olsun, eyni əmələ görə, eyni maddə ilə məsuliyyət daşıyır. Burda fərqləndirici bir hal ola bilməz. Əks halda bu ayrıseçkilikdir. Bu diskriminasiya olardı.

Qəbir üzərində təhqiredici hərəkətlərə görə məsuliyyət nəzərdə tutan maddə məhz, belə hallarda tətbiq olunur. Bu norma artıq şəxsin kimliyini deyil, hərəkətin mahiyyətini qiymətləndirir. Əməli kimin törətməsi əsas deyil, əsas olan onun məzmunudur. Belə cinayətlərdə xüsusi subyekt tələb olunmur. Bu baxımdan qiymətləndirilən məsələ konkret hadisədə cinayətin baş verib-verməməsidir. Həmin hərəkəti Azərbaycan vətəndaşı da törətsəydi, hüquqi tövsif dəyişməz qalacaqdı. Fərq yalnız cəzanın fərdiləşdirilməsi mərhələsində yarana bilər.

Ümumilikdə, cinayətlər zahirən oxşar olsa da, müxtəlif üsul və vasitələrlə törədilə bilər. Buna görə də hər bir şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi fərdi xarakter daşıyır. Cəza təyin edilərkən artıq vətəndaşlıq deyil, şəxsin konkret davranışı, əvvəlki vəziyyəti və əmələ münasibətdə sonrakı mövqeyi nəzərə alınır.

Şəhidlər xiyabanı həssas bir məkandır. Həm də hüquqi baxımından da həssas məkan sayılır. Çünki bu məkan adi qəbiristanlıq deyil, həm də dəfn mərasimlərinin keçirildiyi, milli yaddaşımız, şəhidlərin kollektiv xatirəsinin qorunduğu memorial bir kompleksdir. Cinayət hüququnda təəssüf ki, belə məkanların ayrıca maddə ilə göstərilməsi şərt deyil, yəni cəzalarda ayrı maddə ola bilərdi. Məhkəmə cəzanı təyin edərkən obyektin əlbəttə ki, ictimaiyyəti əhəmiyyətliliyini nəzərə ala bilər. Bu baxımdan də nəzərə almalıdır. Yəni eyni əməl başqa yerdə törədildikdə bir qiymət ala bilər. Belə ictimai əhəmiyyətli məkanda törədildikdə, başqa ictimai təhlükəlilik səviyyəsi kimi qəbul edilə bilər. Bu baxımdan cəza verilərkən bu qiymətləndirilə bilər. Bu hüquqi mexanizm qanunda birbaşa yazılmır. Məhkəmə praktikasında tətbiq olunan bir yanaşmadır. Fikrimcə cəzanın iki ildən 6 aya endirilməsi avtomatik güzəşt deyil. Apellyasiya instansiyası yalnız hökmün səhvlərini aradan qaldırmaq üçün deyil, həm də təyin edilmiş cəzanın proporsionallığını yenidən qiymətləndirmək üçün mövcuddur.

Əgər məhkəmə müəyyən edirsə ki, şəxs ilk dəfə cinayət törədib, əməldə zorakılıq elementi yoxdur, əməl sosial baxımdan məhdud xarakter daşıyır və təqsirləndirilən şəxslər sonradan davranışlarını dəyişərək peşman olduqlarını göstəriblər, bu halda uzunmüddətli həbs cəzasının məqsədəuyğun olmadığı qənaətinə gəlinə bilər. Artıq bu hüquqi qərardır və eyni zamanda indiki hüquqi qərar olur. Burda siyasi yanaşma olmur”.

Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev vurğulayıb ki, dünyanın əksər ölkələrində eyni yanaşmadır və praktikası da bu yanaşma üzərində qurulmuşdur: “Cəmiyyətdə belə düşüncə var ki, əcnəbi deport olsun deyə cəza azaldılır. Əslində burda hüquqi yanaşma bir az fərqlidir. İlk növbədə cinayət məsuliyyəti müəyyən edilir. Məsuliyyət cəlb etmə olur, daha sonra məhkəmə istintaqı olur, şəxs barədə hökm çıxarılır. Sonra hökm icra olunur. Yalnız hökmün icrasından sonra miqrasiya tətbiq oluna bilər. Deportasiya cəzanın əvəzi deyil. Bu, dövlətin inzibati qərarıdır. Bu qərərla yanaşı daha vacib bir tədbir də tətbiq oluna bilər. Bu ölkəyə giriş qadağasıdır. Bu qadağa 1 neçə il də davam edə bilər, faktiki olaraq həmin şəxsin Azərbaycana qayıtmasını da mümkünsüz edə bilər. Bu hadisədə hüquqi mexanizm bir klassik yanaşma tətbiqidir. Əməl üzrə cinayət məsuliyyəti müəyyən edilib. Məhkəmə instansiyası cəzanı verib. Müddət başa çatdıqdan sonra isə miqrasiya proseduru işə düşür. Burda bizim yanaşmanın da bir məntiqi də sadədir. Məqsəd yalnız cəzalandırma olmur, həm də ictimai təhlükəni aradan qaldırmaqdır. Əgər şəxs ölkə üçün təhlükə yaratmırsa, burada qalmaq niyyəti yoxdursa, uzunmüddətli həbs hüquqi baxımından həmişə rasional hesab edilə bilməz. Əlbəttə ki, müqəddəs yerlərimizə qarşı həqarət etmişdilər. Kimliyindən asılı olmayaraq belə insanlar cəzalandırılmalıdır. Azərbaycana gəlirlərsə, ölkənin qayda-qanunlarına uyğun davranış nümayiş etməlidirlər. Etmirlərsə buna görə məsuliyyətə cəlb olunurlar. Bu yanaşma təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində eyni yanaşmadır və praktikası da bu yanaşma üzərində qurulmuşdur.

Yekun olaraq qeyd edim ki, Şəhidlər Xiyabanında baş vermiş hadisə hüquqi baxımından vətəndaşlıq məsələsindən çox məkanın statusu və cəzanın proporsionallığı ilə bağlıdır. Turist statusu bu məsuliyyəti ləğv etmir. Deportasiya isə hökmü də əvəz etmir, onun yalnız davamı hesab olunur. Əsas prinsip burda dəyişmir. Cinayət hüququ fərdi məsuliyyət üzərində qurulur”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
bizimyol.info

1Mənbələr