AZ

Professor: qərar qəbuletmə nəzəriyyəsi qeyri-müəyyənlik şəraitində cavablar tapmağa kömək edir

Moskva, 19 fevral, AZƏRTAC

Qərar qəbuletmə, oyunlar və idarəetmə nəzəriyyələri sahəsində dünyada tanınmış mütəxəssislərdən biri olan Fuad Ələsgərov rusiyalı riyaziyyatçı və iqtisadçı, texniki elmlər doktoru, professordur. O, Ali İqtisadiyyat Məktəbinin İqtisad elmləri fakültəsinin Riyaziyyat departamentinə rəhbərlik edir, eyni zamanda, bu ali məktəbin Qərarların təhlili və seçimi üzrə beynəlxalq elmi-tədris laboratoriyasına başçılıq edir. Bundan əlavə, alim Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunun M.A.Ayzerman adına “Seçim nəzəriyyəsi və qərarların təhlili” laboratoriyasında baş elmi işçi kimi fəaliyyət göstərir.

Bu il professor Fuad Ələsgərov 75 illik yubileyini qeyd edir.

AZƏRTAC-a müsahibəsində o, elmi prioritetləri, qərar qəbuletmə nəzəriyyəsinin inkişaf perspektivləri ilə bağlı baxışlarını və Azərbaycanla şəxsi əlaqələrini bölüşüb.

– Siz uzun illərdir qərar qəbuletmə nəzəriyyəsi ilə məşğul olursunuz. Elmi araşdırmalarınızdan hansı artıq təcrübədə tətbiq olunub?

– Demək olar ki, bütün araşdırmalarım praktik məsələlərin həlli üçün tətbiq olunub və ya tətbiq olunur. Bəzən nəzəri nəticələrlə onların praktik tətbiqi arasında müəyyən vaxt keçir. Məsələn, seçim funksiyalarının superpozisiyası əvvəlcə yalnız nəzəri iş kimi nəzərdə tutulmuşdu, lakin 20 il sonra biz bu modelləri böyük məlumatlarda axtarış məsələsində tətbiq etdik və çox effektiv metodlar əldə etdik. Bu metodlar həm də Rusiya və ABŞ patentləri ilə dəstəklənib.

– Ümumilikdə elm barədə danışsaq, qərar qəbuletmə nəzəriyyəsində hansı istiqamətləri bu gün ən vacib və perspektivli hesab edirsiniz?

– Bu cür istiqamətlər çoxdur. Bu, ilk növbədə, dərin qeyri-müəyyənlik şəraitində qərar qəbuletmə nəzəriyyəsidir. Belə hallarda nə baş verəcəyi və bunun hansı ehtimalla baş verəcəyi barədə heç bir qiymətləndirmə olmur və hadisələrin inkişaf ssenarilərini qurmaq lazım gəlir. Bundan əlavə hazırda bibliometriyadan tutmuş beynəlxalq münaqişələrin təhlilinədək müxtəlif tətbiqləri olan şəbəkə təhlili modelləri sürətlə inkişaf edir. Bu mövzu üzrə bizim yeni modellərimiz var və artıq ABŞ və Almaniyanın aparıcı nəşriyyatlarında iki kitab çap olunub.

– Hazırda Azərbaycanla elmi və ya təhsil sahəsində əlaqələri davam etdirirsinizmi və bu qarşılıqlı fəaliyyət hansı istiqamətlərdə daha faydalı ola bilər?

– Əlbəttə, davam etdirirəm. Mən Azərbaycana gələndə müxtəlif institut və universitetlərdə mühazirələrlə çıxış edirəm. Faydalı qarşılıqlı fəaliyyət tələbə və aspirantların bu işləri davam etdirmələri və bu tədqiqatları inkişaf etdirmələrinə səbəb ola bilər.

– Azərbaycanla bağlı həyatınızın mühüm hissəsi hesab etdiyiniz və bu gün də sizi ruhlandıran xatirələriniz varmı?

– İlk növbədə, böyük ailəmizdəki ab-hava, valideynlərim, nənələrim, babam, xalalarım, dayılarım, doğma qardaşım və əmioğlu və bibioğlularım, bacı və qohumlarla münasibətlərin qeyri-adi səmimiyyəti. Həmçinin uşaqlığımızın keçdiyi bağ evi, Xəzər sahilləri, Bakı teatrları, filarmoniya, konservatoriya və əlbəttə ki, Bakı bulvarı ilə bağlı xatirələr.

– Bu il 75 illik yubileyinizi qeyd edirsiniz. Geriyə baxanda elmi fəaliyyətinizin hansı dövrünü daha vacib hesab edirsiniz və bu gün sizin üçün daha vacib olan nədir — nəticələri ümumiləşdirmək, yoxsa qarşıya yeni vəzifələr qoymaq?

– Mənim üçün belə dövrlər çox olub, belə ki, oxuduğum 23 nömrəli məktəb, Azİİ, Moskva Dövlət Universiteti, Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutu, Ali İqtisadiyyat Məktəbi. Lakin nəticələri ümumiləşdirmək üçün hələ tezdir, qarşıda həll olunmalı çox məsələlər var.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
80
1
azertag.az

2Mənbələr