AZ

Energetika Nazirliyi yanında İctimai Şuranın 2025-ci il üzrə illik hesabatı

1. Əsas fəaliyyət istiqamətləri və nəticələr

2025-ci ildə Energetika Nazirliyi yanında İctimai Şura fəaliyyətini “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq dövlət–ictimai əməkdaşlığın gücləndirilməsi, energetika sahəsində şəffaflığın artırılması və ictimai nəzarətin təmin olunması istiqamətində davam etdirmişdir.

Hesabat ili ərzində:

Energetika sahəsində hazırlanmış normativ-hüquqi akt layihələrinə rəy və təkliflər verilmiş;

Enerji keçidi, bərpa olunan enerji və enerji səmərəliliyi mövzularında müzakirələrdə iştirak edilmiş;

Dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq genişləndirilmişdir.

Şura tərəfindən irəli sürülən bir sıra təkliflər layihələrin təkmilləşdirilməsi                 

prosesində nəzərə alınmışdır.

 

2. Dövlət qurumları ilə əməkdaşlıq:

1. 2025-ci ildə Energetika Nazirliyi ilə əməkdaşlıq konstruktiv və işgüzar xarakter daşımışdır. Şura iclasları mütəmadi keçirilmiş, Nazirliyin aidiyyəti struktur bölmələri müzakirələrə cəlb olunmuşdur.

2.  Normativ sənədlər üzrə təqdim olunan rəy və təkliflər diqqətlə nəzərdən keçirilmiş, qarşılıqlı informasiya mübadiləsi operativ şəkildə təmin edilmişdir.

 

3. Vətəndaş və media ilə kommunikasiya

Hesabat ili ərzində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir.

Şura üzvləri, o cümlədən sədr tərəfindən informator.az informasiya portalında  və digər xəbər  və social şəbəkələrdə energetika sahəsi ilə bağlı bir sıra müsahibələr verilmişdir. Müsahibələr əsasən aşağıdakı mövzuları əhatə etmişdir:

  1. Neft və qaz sektorunda qlobal proseslər və bazar tendensiyaları;
  2. Azərbaycanın enerji siyasəti və beynəlxalq enerji əməkdaşlığı;
  3. Xarici enerji tərəfdaşlıqları və regional enerji təhlükəsizliyi məsələləri;
  4. Yaşıl enerji siyasəti, enerji keçidi və bərpa olunan enerji perspektivləri.

Bu çıxışlar vasitəsilə ictimaiyyətin aktual enerji məsələləri barədə məlumatlandırılması təmin edilmiş, energetika sahəsində aparılan siyasət və islahatlarla bağlı maarifləndirmə işi həyata keçirilmişdir.

Eyni zamanda vətəndaşların müraciət və təklifləri dinlənilmiş, aidiyyəti qurumlara yönləndirilmişdir ki, bu da qərarların daha açıq və şəffaf mühitdə formalaşmasına töhfə vermişdir.

 

4. Çətinliklər və ehtiyaclar:         

2025-ci il ərzində fəaliyyət zamanı bəzi obyektiv çətinliklər müşahidə olunmuşdur.

Energetika Nazirliyi tərəfindən İctimai Şuranın texniki və təşkilati təminatı məhdud imkanlar çərçivəsində həyata keçirilmişdir. Lakin Şuranın fəaliyyətinin daha geniş miqyasda təşkili, xüsusilə regionlarda maarifləndirici tədbirlərin keçirilməsi və səfərlərin təşkili üçün mövcud resurslar kifayət etməmişdir. Nəticədə rayonlarda planlaşdırılan bir neçə tədbirin keçirilməsi mümkün olmamışdır.

Bu vəziyyət bir daha göstərir ki, İctimai Şuraların effektiv və davamlı fəaliyyəti üçün onların texniki təminatı, tədbirlərin təşkili və ezamiyyət xərclərinin qarşılanması məqsədilə dövlət tərəfindən ayrıca maliyyə mexanizminin formalaşdırılması zəruridir.

İctimai iştirakçılığın real və nəticəyönümlü şəkildə təmin edilməsi üçün İctimai Şuraların institusional və maliyyə baxımından gücləndirilməsi vacib şərt kimi qarşıda dayanır.

 

Şaban Nəsirov

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri

Seçilən
24
qht.az

1Mənbələr