AZ

Sülh Şurası layihəsi varlı ərəb ölkələrindən pul qoparmağa xidmət edir Zərdüşt Əlizadə

ain.az, Sherg.az saytına istinadən bildirir.

"Onların ideyası odur ki, fələstinlilər İsrailin istəyinə görə, yaşasın və onlara tabe olsunlar"

ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə, 2026-cı il yanvarın 15-də Qəzza üzrə "Sülh Şurası" yaradıldı. Şuranın əsas məqsədi Yaxın Şərqdə, xüsusilə Qəzza zolağında davamlı atəşkəsə nail olmaq, humanitar böhranı aradan qaldırmaq və bölgədə yeni beynəlxalq təhlükəsizlik strukturu yaratmaqdır. Qurupun tərkibində, ABŞ Dövlət Katibi Marko Rubio, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stif Uitkoff, kürəkəni Cared Kuşner, Böyük Britaniyanın sabiq Baş naziri Tony Blair dayanır. Bu il yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində nizamnaməni, təsisçi üzv kimi, 26 ölkə təsdiqlədi. Ölkələrin arasında Azərbaycan da yer alır. Üzvlüklə bağlı nizamnamədə isə hər bir ölkənin səlahiyyət müddətinin “üç il” olacağı göstərilir. Lakin nizamnamənin qüvvəyə mindiyi ilk il ərzində, şuraya, 1 milyard dollardan artıq vəsait köçürən dövlətlər üçün bu məhdudiyyət yoxdur. İsrailin Baş naziri Benyamin Netanyahu da, “Sülh Şurası”na daxil olması ilə bağlı saziş imzaladı. Buna baxmayaraq Qəzza hələ də İsrail ordusu tərəfindən bombalanır.

Mövzu ilə əlaqədar politoloq, Zərdüşt Əlizadə Sherg.az-a bildirib ki, Sülh Şurası layihəsi Qəzzanın bərpası adı altında, varlı ərəb ölkələrindən pul qoparmağa xidmət edir:

“Bu layihənin rəhbərliyində sionist və İsrailin tərəfdarı olan, Trampın kürəkəni Cared Kuşner dayanır. İsrailin Baş naziri Benyamin Netanyahunun “Sülh Şurası”na qoşulmasında əsas məqsədi, ölkələrin, Qəzzanın bərpasına yatırdığı vəsaitləri İsrail şirkətlərinin xeyrinə talamaqdır. Qəzzanı viranə qoymaqda əsas məqsəd isə, Fələstində müstəqil ərəb dövlətinin qurulması ideyasını məhv etməkdir. Netanyahu, bütün bunları ABŞ-nin hər il İsrailə, hərbi məqsədlər üçün verdiyi 3 milyard pulun hesabına həyata keçirir. Tərəflər arasında müharibə başlayandan bəri ABŞ-nin maliyyə yardımının ucu-bucağı görünmür. İndi də məqsədləri “Sülh Şurası” adı altına pul qazanmaqdır. Nə qədər ki, ABŞ-nin başında hərdəmxəyal və qeyri-ciddi Donald Tramp dayanır, bütün Yaxın Şərq regionu təhdid altında olacaq”.

Politoloqun sözlərinə görə, ölkə liderləri D.Trampın sərsəm ideyalarına dəstək verməyə məcbur qalırlar:

“Əslində, “Sülh Şurası” ideyası Qərbin ənənəvi müstəmləkə siyasətinin davamıdır. Yəni Qərb öz doğma torpaqlarında yaşayan Fələstin xalqına, dövlət qurmaq, istədiyi kimi yaşamaq hüququ vermirlər. Onların ideyası odur ki, fələstinlilər İsrailin istəyinə görə, yaşasın və onlara tabe olsunlar. Təsəvvür edin ki, Qəzza üzrə sülh şurasında Fələstinliləri təmsil edən, bir tək nümayəndə belə yoxdur. Qərb, Fələstin xalqına öz doğma torpaqlarında dövlət qurmaq və müstəqil şəkildə yaşamaq imkanını tanımır. Onların məqsədi fələstinliləri İsrailə tabe etməkdir. Təsəvvür edin ki, Qəzza üçün yaradılan, “Sülh Şurası”nda Fələstin tərəfini təmsil edən bir nümayəndə belə yoxdur”. 

Z.Əlizadə Azərbaycanın “Sülh Şurası” təşəbbüsünə qoşulmasındakı roluna da diqqət yetirib:

“Qurumun tərkibində, Yaxın Şərq sülh prosesi üzrə beynəlxalq vasitəçi kimi, Tony Blair, İsrail və ABŞ lideri Donald Tramp var. Yadınızdadırsa, vaxtilə Tony Blairə “beynəlxalq hüquqa niyə riyayət etmirsiniz?” sualı verilmişdi. O isə cavabında, beynəlxalq hüququ tanımadığını, Trampın əxlaqına uyğun hərəkət etdiyini bildirmişdi. Bu cür insanlardan Qəzzanın taleyi ilə bağlı müsbət sonluq gözləmək çətindir. Azərbaycan isə sülh şurasına digər ölkələr kimi, Trampın könlünü oxşamaq üçün qoşulub. Azərbaycan hökumətinin nümayəndələri də yaxşı başa düşürlər ki, “Sülh Şurası” əslində məzmunu boş bir qurumdur. Tramp sadəcə sülh təşəbbüslərində adının hallanmasını istəyir. O, çox istəyirdi ki, nobel mükafatını qazansın. Ancaq mükafatı ona, vermiyəndə, Nobel Komitəsinə, artıq sülhlə məşğul olmayacağını bildirdi. Dediyi sözə sadiq qalaraq, indi də İranla müharibəyə hazırlaşır”.

Aybəniz Səfərova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
sherg.az

1Mənbələr