AZ

Kyellini: “Sabahdan VAR sistemini dəyişmək lazımdı”

Artıq bir neçə gündü İtaliya futbol ictimaiyyəti “İnter” – “Yuventus” matçındakı epizodu müzakirə edir, hakimlik sahəsindəki nöqsanların aradan qaldırılmasının zəruriliyini vurğulayır.

"Football-plus.az" xəbər verir ki, oyun qonaq komandanın 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib. 42-ci dəqiqədə turinlilərin müdafiəçi Pyer Kalulu rəqib oyunçu Alessandro Bastoniyə yüngülcə təmas etdiyi üçün ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. İlk hissədən sonra başda baş məşqçi Luçano Spalletti olmaqla “Yuventus”un futbolçuları və məşqçiləri referi Federiko La Pennanın qərarına etiraz edib. Hakimin qərarlarına emosional reaksiya verən Spalletti oyundan sonra mətbuat konfransına qatılmayıb. Onun əvəzinə klubun direktorları Corco Kyellini və baş direktoru Damien Komolli jurnalistlərin qarşısına çıxaraq İtaliyada hakimliyin səviyyəsini sərt tənqid edib və VAR sisteminin işində islahatların aparılmasına çağırıblar. Yerli mənbələrin iddiasına görə, “Yuventus” nümayəndələri stadionun trubunalarının alt hissəsində La Penna ilə yüksək tonla danışıblar.

Artıq A Seriyasının Hakimlər Komitəsi referinin yanlış qərar çıxardığını rəsmən etiraf edib və zərərçəkən tərəfdən üzr istəyib.

Qeyd edək ki, VAR sistemi oyunçuya göstərilən sarı vərəqə ilə bağlı epizoda müdaxilə etmir. Bu səbəbdən La Pennanın yanlış qərarı qüvvədə qalıb. Videotəkrar zamanı Kalulunun cüzi toxunduğu Bastoninin bilərəkdən özünü yerə çırpdığı aydın görünür. Deməli, VAR epizoda müdaxilə edəcəyi halda böyük ehtimalla simulyasiyaya əl atdığı üçün özü ikinci sarı vərəqə alacaq və “İnter” meydanda on nəfərlə qalacaqdı. Yerli mənbələr La Pennanın yaxın 3-4 həftə ərzində ölkə futbolunun heç bir oyununa təyinat almayacağını qeyd edir.

“Yuventus”un baş direktoru Komolli qalmaqal yaradan qərara belə reaksiya verib:

“Belə hadisələr qəbuledilməzdi. VAR protokolu səhvdi, sistem işləmir. Geridönüş nöqtəsinə çatmışıq və bu, hər kəs üçün aydındı. Demək olar ki, bu gün futbolda danışılacaq heç nə yoxdu. Biz üç xal itirdik, amma İtaliya futbolu daha çox xal itirdi. Meydanda əsl ədalətsizlik var idi. Azarkeşlər üçün təəssüf doğurur - bərabər şərtlər altında rəqabət apara bilmədik”.

Turin klubunun sabiq müdafiəçisi, hazırda direktor vəzifəsini icra edən Kyellini isə hakimlikdən narazılığını belə ifadə edib:

“Belə halda futboldan danışmaq mümkün deyil, baş verən hadisə yolverilməzdi. Sabahdan VAR sistemini dəyişmək lazımdı. Belə vacib oyunda hakimliyin bu səviyyədə olması yolverilməzdi. Hər şeyi dərhal dəyişmək zəruridi, belə vacib məsələni İtaliya futbolunda əksər hallarda olduğu kimi təxirə salmaq olmaz. Mövsümün əvvəlindən A seriyasında hakimliklə bağlı adekvat strukturun olmadığını deyirik. İndiki səviyyə tələblərə cavab vermir. Problemin nədə - peşəkarlıqda, yoxsa hakimlərin hazırlığında olduğunu bilmirəm. Bildiyim odu ki, belə davam edə bilməz. İtaliya derbisinin nəticəsi bu cür müəyyən edilməməlidi. Protokol dərhal dəyişməlidi. Ötən həftə Daniele De Rossi, ondan əvvəl Can Pyero Qasperini və Antonio Konte də bu mövzuda narazılığını dilə gətirmişdi. Nəsə qətiyyən işləmir, protokol da bunun bir hissəsidi”.
Seçilən
63
1
football-plus.az

2Mənbələr