Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu həm yaşıl meydandakı uğurları, həm də şəxsi həyatı ilə gündəmdə qalmağa davam edir. Hazırda 41 yaşı olan və karyerasında 962-ci qoluna imza atan futbolçunun keçmiş sevgilisi Gemma Atkinson illər əvvəlki münasibətləri barədə sensasiyalı açıqlama verib.
İdman.Biz xəbər verir ki, Atkinson Ronaldu ilə ayrıldıqdan sonra bəzi KİV-lərin ona ulduz futbolçu haqqında mənfi fikirlər söyləməsi üçün böyük məbləğdə pul təklif etdiklərini bildirib.
"Ayrılan zaman onun barəsində pis şeylər deməyim üçün mənə çoxlu pul təklif olundu. Lakin mən imtina etdim, çünki onun haqqında deyə biləcəyim heç bir mənfi fikir yox idi", - model vurğulayıb.
Atkinson həmçinin Ronaldu ilə ilk görüşlərində sadəcə çay içib televizora baxdıqlarını da qeyd edib.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən və "1000 qol klubu"na daxil olmağa cəmi 38 addımı qalan Ronaldu, eyni zamanda uzun müddətdir birlikdə olduğu Corcina Rodriqeslə evlənməyə hazırlaşır. 2026-cı il Dünya Çempionatından sonra baş tutması planlaşdırılan toy öncəsi imzalanan nikah müqaviləsinin detalları isə hər kəsi təəccübləndirir.
Müqaviləyə əsasən, mümkün ayrılıq halında Rodriqesin maddi təminatı tam qorunacaq:
- Ömürlük aylıq müavinət: 114,000 dollar (193,800 AZN)
- Daşınmaz əmlak: Madridin La Finka bölgəsində yerləşən 5.6 milyon dollar (9.52 milyon AZN) dəyərində malikanə
- Uşaq pulu (aylıq): 110,000 dollar (187,000 AZN)
- Həyat tərzinin saxlanılması (aylıq): 500,000 dollar (850,000 AZN)
- İllik ödəniş: 2 milyon dollar (3.4 milyon AZN)
- Təzminat: Ayrılıq halında 50 milyon dollar (85 milyon AZN) birdəfəlik ödəniş.