AZ

Şəxsi məlumatlarla bağlı qanun qəbul edildi

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Dövlət Duması vətəndaşların ünvan və şəxsiyyət məlumatlarına çıxışı kökündən dəyişdirən yeni qanunu qəbul edib. 18 fevralda təsdiqlənən qanuna əsasən, hər hansı şəxs haqqında ünvan məlumatı almaq istəyənlər sorğularını "Gosuslugi" dövlət portalı vasitəsilə göndərəcək və məlumatı sorğulanan şəxsin razılığı olmadan bu məlumatı əldə edə bilməyəcəklər.

"Cebheinfo.az" xəbər verir ki, hökumət tərəfindən 2025-ci ilin dekabrında parlamentə təqdim olunan bu tənzimləmə mövcud sistemdəki funksional problemləri aradan qaldırmağı hədəfləyir.

Hazırkı təcrübədə qeydiyyat məlumat bazasında vətəndaşın pasport məlumatları, cinsi, doğum tarixi və yeri, yaşayış yeri və ya olduğu ünvan kimi şəxsi məlumatlar saxlanılır. Bu məlumatları mülkiyyət sahibləri öz kirayənişinləri haqqında Daxili İşlər Nazirliyi (MVD) vasitəsilə əldə edə bilirlər. Fiziki və hüquqi şəxslər isə yalnız MVD-nin regional bölmələrinə müraciət edərək və haqqında məlumat sorğulanan şəxsin açıq razılığı ilə bu məlumatlara çıxış qazanırlar.

Qanun layihəsinin əsaslandırılmasında bildirilib ki, MVD məlumatlarına görə ildə təxminən 250 min sorğu daxil olur, lakin bunların yalnız 2 faizi (sorğulanan şəxsin razılığı alınmadığı üçün) nəticələnir. Hökumətin fikrincə, mövcud mexanizm xüsusilə itkin düşən yaxınların axtarılması və ya məhkəmə prosesləri üçün zəruri məlumatların əldə edilməsi kimi hallarda faktiki olaraq işləmir.

Qəbul edilən yeni qanunla birlikdə tamamilə fərqli bir mexanizm işə düşür.

Fiziki və ya hüquqi şəxs "Gosuslugi" portalı vasitəsilə haqqında məlumat almaq istədiyi şəxsin tam adını və doğum tarixini (hüquqi şəxslər üçün adını) daxil edərək müraciət edəcək. Müraciət edən şəxs həmçinin öz e-poçt ünvanını və telefon nömrəsini də sistemdə qeydiyyatdan keçirəcək.

Daxili İşlər Nazirliyi  haqqında məlumat sorğulanan vətəndaşa sifarişli məktub göndərərək, onunla bağlı məlumat tələbi olduğunu və sorğunu kimin göndərdiyini bildirəcək.

Məlumatı sorğulanan vətəndaş bu bildiriş əsasında öz əlaqə məlumatlarının sorğu sahibinə verilib-verilməyəcəyinə şəxsən qərar verəcək. Şəxs razılıq vermədiyi müddətcə heç bir məlumat sorğu sahibinə ötürülməyəcək.

"Kommersant"-ın rəy öyrəndiyi hüquqşünaslar yeni tənzimləməni müsbət qarşılayırlar. Ekspertlər qeyd edirlər ki, qanun mövcud sistemdə faktiki olaraq işləməyən ünvan-sorğu mexanizmini yenidən canlandıracaq. Artıq sorğuların böyük hissəsi cavabsız qalmayacaq, lakin proses şəxsi məlumatların qorunması baxımından daha möhkəm zəminə oturdulacaq.

Qeyd edək ki, edilən dəyişikliklər rəsmi qəzetdə dərc edildikdən 180 gün sonra qüvvəyə minəcək. Bu müddət ərzində "Gosuslugi" portalında zəruri texniki infrastrukturun qurulması və müvafiq inzibati tənzimləmələrin tamamlanması planlaşdırılır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
cebheinfo.az

2Mənbələr