AZ

Mənzərə dəyişib... Valideyn, müəllim və qorxu arasında qalan təhsil sistemi

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir zamanlar valideynlər məktəbə gedəndə əsas məqsədləri aydın idi: övladlarının necə oxuduğunu öyrənmək və müəllimdən daha yaxşı nəticə tələb etmək. Uşağın təhsil səviyyəsi aşağı idisə, ilk sual müəllimə verilirdi. Cəmiyyət müəllimi əsas məsul şəxs hesab edir, valideyn isə məktəblə əməkdaşlıq edən tərəf kimi görünürdü. Bu gün isə mənzərə dəyişib...

Artıq müəllimlər şagirdlərin zəif oxumasına görə valideynləri günahlandırır. “Ev tapşırığına nəzarət etmir”, “telefonu əlindən almır”, “uşağa sərhəd qoymur” kimi iradlar valideyn iclaslarının əsas mövzusuna çevrilib. Valideyn qruplarında müəllim tonu bəzən tənbeh edici olur, valideynlər isə sanki şagird kimi danlanır. Ən narahatedici məqam isə valideynlərin susqunluğudur. Valideyn danışmaq istəmir. Etiraz etmir. Sual vermir. Çünki bilir ki, səsini çıxarsa, övladının məktəbdə münasibəti dəyişə bilər. Uşağın qiymətləndirilməsi, sinifdəki mövqeyi, psixoloji rahatlığı təhlükə altına düşə bilər. Bu qorxu valideyni passiv müşahidəçiyə çevirir.

Nəticədə təhsil üçbucağı müəllim, valideyn və şagird sağlam əməkdaşlıq mühitini itirir.

Valideynin susması problemi həll etmir. Müəllimin müdafiə mövqeyinə keçməsi də çıxış yolu deyil. Uşağın təhsili nə tək müəllimin, nə də tək valideynin məsuliyyətidir. Bu, ortaq məsuliyyətdir.

Müəllim sinifdə öyrədir, istiqamət verir, maraq yaradır. Valideyn evdə dəstək olur, mühit yaradır, nəzarət edir. Uşaq isə bu iki dayağın üzərində inkişaf edir. Bu zəncirin hər hansı halqası zəiflədikdə sistem bütövlükdə zədələnir.

Bugünkü reallıq göstərir ki, tərəflər bir-birini ittiham etməklə məşğuldur. İttiham isə etimadı məhv edir. Etimadın olmadığı yerdə təhsil inkişaf edə bilməz.

Məktəblərdə valideynlə dialoq qorxu üzərində deyil, qarşılıqlı hörmət üzərində qurulmalıdır. Valideyn iclasları hesabat və töhmət tribunası deyil, əməkdaşlıq platformasına çevrilməlidir. Müəllimlər valideynləri tərəfdaş kimi görməli, valideynlər isə məktəbi düşmən mövqedə qəbul etməməlidir. Ən əsası isə valideyn qorxmamalıdır. Çünki qorxan valideyn sağlam cəmiyyət yetişdirə bilməz. Susdurulan valideyn təhsil sistemini gücləndirmir, əksinə, onu zəiflədir.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
icma.az

1Mənbələr