AZ

“Alda” MMC-də yoxlama: Palma yağında təhlükəli maddə aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan növbəti nəzarət tədbiri çərçivəsində yağ istehsalı və idxalı ilə məşğul olan "Alda” MMC-nin istehsal müəssisəsində yoxlama keçirilib.

Agentlik risk əsaslı yanaşma çərçivəsində ölkəyə idxal olunan xam və istehlaka hazır palma yağları, eləcə də palma yağı tərkibli qarışıq bitki yağları üzərində mütəmadi nəzarət tədbirləri həyata keçirir. Bununla yanaşı, xam şəkildə idxal edilən palma yağlarının sonrakı istehsal və emal mərhələlərində də dövlət nəzarəti təmin olunur.

Yoxlama zamanı "Alda” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi, "Пищевые Ингредиенты” istehsalçı müəssisəsinə məxsus "EFKO” əmtəə nişanlı palma yağında laborator analiz nəticəsində kimyəvi emal çirkləndiricisi – 3-monoxlorpropan-1,2-diol aşkarlanıb. Məlum olub ki, sözügedən xammal şirkət tərəfindən spred yağlarının istehsalında istifadə edilib. Hazır məhsullardan götürülən nümunələrin sınaq nəticələri də eyni uyğunsuzluğu təsdiqləyib.

Faktla bağlı sahibkar barəsində inzibati tədbir görülüb. Məhsul partiyalarının satışının dayandırılması və müəssisədə spred yağlarının istehsalının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Qurum tərəfindən araşdırmalar davam etdirilir.
Seçilən
62
7
7news.az

10Mənbələr