Son dövrlər informasiya məkanında müşahidə olunan proseslər göstərir ki, siyasi rəqabət artıq yalnız diplomatik və ya iqtisadi müstəvidə deyil, eyni zamanda sosial media platformalarında da aparılır. Xüsusilə dövlət rəhbərliyini hədəf alan koordinasiyalı kampaniyalar geosiyasi maraqların informasiya müharibəsi formatında davamı kimi qiymətləndirilir. Azərbaycanın regional mövqeyinin güclənməsi və beynəlxalq nüfuzunun artması fonunda bu cür hücumların intensivləşməsi təsadüfi təsir bağışlamır və daha geniş strateji kontekstdə təhlil olunur.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a açıqlamasında bildirib ki, xaricdə fəaliyyət göstərən anti-Azərbaycan dairələrinin birbaşa nəzarəti və maliyyə dəstəyi ilə hərəkət edən qrupların əsas məqsədi sifarişli kampaniyalar həyata keçirməklə qrant maraqlarını təmin etməkdir:

“Ölkə hüdudlarından kənarda müəyyən qüvvələr mövcuddur ki, bu şəxsləri maliyyələşdirərək onları Azərbaycana qarşı yönəldirlər. Həmin təşkilatlar özlərini guya “ədalət müdafiəçisi” kimi təqdim etsələr də, əslində ölkəmizin əleyhinə planlı kampaniyalar aparırlar. Azərbaycandakı sosial-iqtisadi inkişaf, siyasi sabitlik və dövlət idarəçiliyində möhkəm sistem ölkəmizi istəməyən dairələri ciddi şəkildə narahat edir. Müxtəlif dövrlərdə bu narahatlıq fərqli formalarda üzə çıxır.
Düşünülməmiş və məsuliyyətsiz fəaliyyətləri ilə düşmən mövqeyinə xidmət edən müəyyən qrup şəxslər ermənipərəst dairələrin sifarişləri əsasında ölkədə sabitliyi pozmağa yönəlmiş çağırışlar edirlər”.
Müşfiq Cəfərov qeyd edib ki, xaricdəki anti-Azərbaycan qüvvələrin əsas hədəfi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, daxili sabitliyi sarsıtmaq və milli maraqlara zərbə vurmaqdır:
“Onlar qərəzli və təhrif olunmuş məlumatlar yaymaqla Azərbaycanın regionun lider dövləti kimi formalaşmış mövqeyinə kölgə salmağa çalışırlar. Xüsusilə Qarabağ zəfərindən sonra Azərbaycanın artan siyasi və hərbi gücü bəzi dairələr tərəfindən qəbul edilmir və bu səbəbdən ölkə haqqında mənfi rəy formalaşdırmaq cəhdləri intensivləşdirilir.
//Gülnarə Abasova, Editor.az