AZ

Azərbaycan və Gürcüstan saxta zənglərə qarşı birgə əməkdaşlığı müzakirə edib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) və Gürcüstanın rabitə tənzimləyici qurumu olan Kommunikasiya Komissiyasının (“ComCom”) rəsmiləri arasında görüş olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə İKTA-nın Tənzimləmə departamentinin direktoru Tural Zərbəliyev son dövrlərdə Azərbaycan istiqamətində artan dələduzluq məqsədli zənglərlə bağlı narahatlıqları diqqətə çatdırıb.

Bildirilib ki, sözügedən zənglərin əksər hissəsi Azərbaycanın milli nömrələmə formatını təqlid edən və Gürcüstanın beynəlxalq telefon kodu 995 ilə təqdim olunan nömrələrdən həyata keçirilir. Müzakirələr zamanı dələduzluq hallarının qarşısının alınması məqsədilə təklif olunan həll yolları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin regional telekommunikasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyini vurğulayıblar.

Qeyd olunub ki, belə görüşlər operativ informasiya mübadiləsinin qurulması, risklərin vaxtında müəyyənləşdirilməsi və koordinasiyalı fəaliyyətin həyata keçirilməsinə şərait yaradır. Həmçinin vurğulanıb ki, kiberdələduzluq və saxta zənglərə qarşı mübarizə üzrə regional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması və texniki imkanların uyğunlaşdırılması dayanıqlı həllərin formalaşdırılmasında mühüm rol oynayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
77
2
azertag.az

7Mənbələr