AZ

Media nümayəndələri Naftalan Reabilitasiya Mərkəzində göstərilən xidmətlərlə tanış olublar

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Naftalan, 19 fevral, Vüsalə Cənnətova, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Naftalan Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

Mediatur zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Aygün Abdullayevanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, 25 çarpayılıq Mərkəzdə əlilliyi olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Son bir ildə müəssisədə əlilliyi olan daha 5400-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib. Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində də mühüm işlər aparılır.

“Postmüharibə dövründə Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan 400-dək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir”, - deyə Agentlik əməkdaşı qeyd edib.

Media nümayəndələri Naftalan Reabilitasiya Mərkəzində yaradılan şəraitlə, burada göstərilən tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə yaxından tanış olublar. Vətən müharibəsi qaziləri də Mərkəzdə onlara göstərilən xidmətdən razı olduqlarını bildiriblər. “Naftalan sakiniyəm. Mərkəzdə müalicə alıram, buradan çox razıyam. Parafindən, masajdan, idman və təyinatı üzrə mənim üçün uyğun olan bütün xidmətlərdən yararlanıram. Mənə qayğı və diqqətlə yanaşılır", - deyə qazi İlkin Tağıyev qeyd edib.

Mərkəzin xidmətlərindən rahatlıqla istifadə etdiyini bildirən qazi Hüseyn Rüstəmov isə deyib: “II qrup əliləm. Buraya tez-tez gəlirəm, müalicə olunuram. Masaj, idman, parafin, psixoloq və digər xidmətlərdən istifadə edirəm. Burada bizə qayğı ilə yanaşılır”. Ölkəmizdə Agentliyin tabeliyində 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə son bir il ərzində 141 min nəfərdən çox insana xidmət göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
7
azertag.az

8Mənbələr