Alimlər müəyyən ediblər ki, işini səmimi şəkildə sevən əməkdaşların fiziki sağlamlıq göstəriciləri daha yüksək, narahatlıq və depressiya səviyyələri isə daha aşağı olur.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Human Resource Management" jurnalında dərc edilib.
Araşdırma University of Alberta alimləri tərəfindən aparılıb. Tədqiqat çərçivəsində səkkiz ayrı araşdırmada iştirak edən 1800-dən çox insanın fiziki və psixoloji sağlamlıq vəziyyəti izlənilib. İştirakçılar üç əsas meyar üzrə sorğulara cavab veriblər: iş tapşırıqlarına qarşı həvəs, həmkarlarla səmimi münasibət və təşkilata bağlılıq.
Alimlərin sözlərinə görə, bir şəxsin “işini sevən” kateqoriyasına daxil edilməsi üçün hər üç amil eyni vaxtda mövcud olmalıdır. Yəni işini sevən, lakin kollektivlə əlaqə hiss etməyən və ya komanda ilə yaxşı münasibətdə olsa da təşkilata emosional bağlılığı olmayan əməkdaş bu meyarlara tam uyğun sayılmır.
Tədqiqat zamanı iştirakçılarda yuxu problemləri, baş ağrıları, mədə pozğunluqları və ümumi xəstələnmə halları da qiymətləndirilib. İşinə yüksək bağlılıq göstərən şəxslərdə bu problemlərin daha az müşahidə edildiyi müəyyən olunub. Həmçinin bu qrup əməkdaşların işə gecikmə və uzunmüddətli fasilə halları da daha az olub.
Bundan əlavə, işini sevən iştirakçılar arasında narahatlıq və depressiya səviyyəsinin daha aşağı olduğu aşkarlanıb. Bu tendensiya müxtəlif dövrlərdə aparılan araşdırmalarda da özünü təsdiqləyib.
Alimlər qeyd ediblər ki, işinə yüksək bağlılıq əməkdaşlarda işgüzarlıq asılılığına və ya etik normaların pozulmasına səbəb olmur. Onların fikrincə, güclü iş sevgisi adətən tükənmişliyə və ya obsesiv davranışlara gətirib çıxarmır.
Nuriyyə NATİQQIZI