AZ

Mingəçevir icra şöbəsinin rəisi məhkəməyə verilib – Azyaşlı, xəstə uşağın anası qanunsuzluqdan şikayətçidir

Mingəçevir şəhər sakini, azyaşlı autizm və epilepsiya xəstəsi uşağın anası Ələsgərova Qubaxanım Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin rəisi Eynur Babayevin onu həbs etdirməyə cəhd göstərdiyini iddia edir. O, vəzifəli şəxsin hərəkətlərini qanunsuz hesab edərək məsələ ilə bağlı Mingəçevir şəhər Məhkəməsinə müraciət edib.

Editor.az-a müraciət edən şikayətçinin sözlərinə görə, icra və probasiya şöbəsinin rəisi onun barəsində cinayət işi başlanması üçün iki dəfə istintaq orqanına təqdimat göndərib. Bildirilir ki, birinci təqdimat rədd edilib, lakin sonradan yenidən müraciət olunub. Ana bunu özünün həbsinə nail olmaq məqsədi daşıyan davamlı təşəbbüs kimi qiymətləndirir.

Ələsgərova Qubaxanım iddia edir ki, xəstə övladının sağlamlıq vəziyyəti və xüsusi qayğıya ehtiyacı nəzərə alınmadan ona qarşı sərt hüquqi addımlar atılır. Onun fikrincə, bu yanaşma həm hüquqi, həm də humanitar baxımdan qəbuledilməzdir.

Şikayətçi həmçinin bildirib ki, 17 fevral 2026-cı il tarixində poçt vasitəsilə məhkəməyə göndərdiyi ərizə vaxtında qeydiyyata alınmayıb. Onun sözlərinə görə, yalnız “887” vasitəsilə Hüquq Şurasına müraciət etdikdən sonra sənəd qeydiyyata götürülüb. Bu hal onda prosesin obyektivliyi ilə bağlı narahatlıq yaradıb.

Qubaxanım Ələsgərova deyib:

“Xəstə övladım var və onun bütün qayğısı mənim üzərimdədir. Mənim həbsimə yönəlmiş addımlar uşağımın vəziyyətini daha da ağırlaşdıra bilər. Mən cinayətkar deyiləm, yalnız övladımın hüquqlarını müdafiə edirəm.”

Məlumata görə, məsələ ilə bağlı materiallar 23 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aidiyyəti üzrə araşdırılması üçün göndərilib və hazırda daxili istintaq çərçivəsində yoxlama aparılır.

13 fevral 2026-cı il tarixində şikayətçinin Baş Prokurorluqda qəbul edildiyi və işin nəzarətə götürüldüyü bildirilib.

Hazırda məsələ üzrə məhkəmə araşdırması gözlənilir. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

//Editor.az

Seçilən
80
editor.az

1Mənbələr