AZ

İctimai şuranın üzvü: Şəhərlər inkişaf etdirilərkən davamlı və sağlam mühitin formalaşdırılmasına fikir verilməlidir

Bakı, 19 fevral, AZƏRTAC

Şəhərlər inkişaf etdirilərkən əsas fikir verilməli məqamlar davamlı və sağlam mühitin formalaşdırılmasıdır. Həmin mühitin qorunmasının əsas məqsədi şəhər sakinlərinin sağlamlığının təmin edilməsidir. Birinci növbədə, hava keyfiyyəti standartları bu məsələdə çox mühüm rol oynayır. Atmosferə atılan zərərli maddələrin miqdarı müəyyən edilmiş normalardan artıq olmamalıdır. Nəqliyyatın çoxluğu və sənaye mənbələri şəhər havasının çirklənməsində əsas faktordur. Buna görə də atmosferə atılan zərərli maddələrin emissiyalarının məhdudlaşdırılması üçün ictimai nəqliyyat inkişaf etdirilməlidir. İctimai nəqliyyat elə bir səviyyədə olmalıdır ki, insanlar şəxsi avtomobillərdən deyil, avtobus və metrodan istifadə etməlidirlər. Bunun üçün müəyyən rahatlıqlar təmin olunmalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai şuranın üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov deyib.

O bildirib ki, ikinci mühüm istiqamət təmiz sudur. “İçməli suyun, şəbəkə suyunun keyfiyyəti sanitar normalara uyğun gəlməlidir. Yəni içmək üçün yararlı olmalı, kanalizasiya və tullantı suları yaxşı idarə olunmalıdır. Onlar suların təmizlənməsi məntəqəsinə yığılmalı, orada təmizlənməli və yalnız bundan sonra axıdılmalıdır. Bu, şəhərlərdə ekoloji sağlamlığın əsas faktorlarından biridir”, - deyə o diqqətə çatdırıb.

Rövşən Abbasov vurğulayıb ki, tullantıların idarəolunması da çox vacibdir. “Biz bilirik ki, şəhər yerlərində çoxlu məişət və sənaye tullantıları yaranır. Məişət tullantıları üzvü, plastik tullantılar olur. Onların bir yerdə qalaqlanıb qalması çox zərərli maddələrin, metan emissiyalarının əmələ gəlməsinə səbəb olur. Bu da çox təhlükəlidir. Ona görə də uyğun bir idarəetmə sistemi qurulmalı, tullantılar çeşidlənməli, üzvü tullantılar, plastik tullantılar toplanaraq emal olunmalıdır. Proses çox yüksək səviyyədə aparılmalıdır. İnkişaf etmiş ölkələrdə çeşidlənmə prosesi çox yaxşıdır. Bəzən 7-8 növə qədər çeşidlənmə olur. Məsələn, kağız, şüşə, metal, üzvü tullantılar, plastiklər ayrı-ayrı toplanır və daşınaraq aidiyyəti üzrə təhvil verilir”.

Müsahibimiz qeyd edib ki, şəhərlərdə yaşıl zonalar da çox mühümdür. “Yəni parklar, bağlar, gəzinti yerləri və piyada səkilərinin geniş olması, onların yaşıl baryerlərlə, hasarlarla əhatələnməsi çox gözəldir. Şəhərdə piyadanın rahat gəzməsi təmin olunmalıdır ki, insanlar bu cür gəzintiyə üstünlük versinlər. Əksər yerlərdə əgər iş və yaşayış yeri arasında məsafə piyada yolu yarım saata qədərdirsə, bu zaman sakinlər çalışırlar ki, həmin yolu piyada getsinlər. Piyada nəqliyyatı şəhər nəqliyyatının əsas hissələrindən biridir. Böyük şəhərlərdə bu, təmin olunur ki, avtobuslarda çox sıxlıq yaranmasın. Şəhərdə səs-küyün səviyyəsinin tənzimlənməsinin, parkların, yaşıllıq zonalarının, biomüxtəlifliyin genişləndirilməsinin diqqətdə saxlanılması vacib məsələlərdir”, - deyə o qeyd edib.

Seçilən
95
1
azertag.az

2Mənbələr