AZ

İtkin şəhid Cavanşir Həsənovun nəşi Balakəndə torpağa tapşırıldı - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Balakən rayonunun Hənifə kənd sakini Cavanşir İsrafil oğlu Həsənovun nəşinin qalıqları 34 il sonra dəfn olunmaq üçün doğulduğu kəndə gətirilib.

Redaktor.az xəbər verir ki, şəhidlə ata yurdunda vida mərasimi keçirilib, cənazə namazı qılınıb.

Balakən Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Şəhidin nəşinin qalıqları dəfn edildikdən sonra məzarı üzərinə gül dəstələri qoyularaq, ruhuna dualar oxunub. Cavanşir Həsənovun nəşinin büküldüyü Azərbaycan Respublikasının üçrəngli bayrağı şəhidin oğlu Cavanşir Həsənova təhvil verilib.

Qeyd edək ki, Cavanşir Həsənov 1967-ci il martın 21-də Balakənin Hənifə kəndində anadan olub. Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, 1992-ci ilin iyun ayında itkin düşüb. O, döyüşlərə qoşulanda ailəli idi. İtkin düşməsindən sonra 3 ay sonra oğlu dünyaya gəlib. Ailəsi atasının xatirəsini yaşatmaq üçün körpəyə Cavanşir adı verib.

Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib (AZƏRTAC).

2222
Seçilən
52
3
redaktor.az

4Mənbələr