AZ

WUF13 Azərbaycanın qlobal dialoq platformasına çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycanın COP29 təcrübəsi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) da yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ortaq Dəyərlər İctimai Birliyinin (İB) sədri Aqil Camal bildirib.

Onun sözlərinə görə, forumun şəhərsalma sahəsində önə çıxardığı problemlərin və çağırışların bir çoxu COP ideyaları ilə səsləşir.

“Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 konfransı çərçivəsində şəhərlərin sürətli böyüməsi, kənddən şəhərə miqrasiya, şəhərsalma fəaliyyəti prosesinin sosial-iqtisadi nəticələri, ekoloji tarazlıq, iqlim dəyişikliklərinin şəhər həyatına təsiri kimi məsələlər geniş müzakirə olunub. Bu müzakirələr şəhərlərin gələcək inkişaf modelinin daha dayanıqlı, ekoloji cəhətdən balanslı və insanyönümlü qurulmasının vacibliyini bir daha gündəmə gətirib. Belə beynəlxalq tədbirlərin ardıcıl şəkildə keçirilməsi Azərbaycanın qlobal dialoq platformasına çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses ölkədə həm institusional təcrübənin zənginləşməsinə, həm də mütəxəssislərin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır. Eyni zamanda, media və vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı bu cür forumların nəticələrinin daha geniş auditoriyaya çatdırılmasına və ictimai şüurun formalaşmasına töhfə verir”, - deyə A.Camal qeyd edib.

İB-nin sədri vurğulayıb ki, Azərbaycan artıq müasir şəhərsalma elementlərini praktikada tətbiq edən ölkələrdən biridir. O qeyd edib ki, torpaqlar işğaldan azad olunduqdan sonra həmin ərazilərdə genişmiqyaslı tikinti-quruculuq və infrastruktur layihələri həyata keçirilir: ““Böyük Qayıdış” dövlət proqramı çərçivəsində aparılan işlər yalnız yaşayış məntəqələrinin bərpasını deyil, həm də müasir texnologiyalara əsaslanan yeni şəhərsalma modelinin formalaşdırılmasını nəzərdə tutur. Bu modeldə enerji səmərəliliyi, rəqəmsal həllər, ekoloji davamlılıq və sosial rifah əsas prioritetlər kimi müəyyənləşdirilib. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları artıq qlobal inkişaf trendinə çevrilib. Texnoloji inkişaf nəticəsində şəhər və kənd arasında həyat keyfiyyəti fərqlərinin azalması müşahidə olunur. Bu baxımdan regionlarda müasir infrastrukturun yaradılması, rəqəmsal xidmətlərin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqi paytaxta miqrasiya meyillərinin azalmasına da müsbət təsir göstərə bilər”.

Aqil Camalın sözlərinə görə, forum iştirakçılarının azad olunmuş Qarabağ bölgəsinə səfərlərinin təşkili mümkün olarsa, bu, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma və dayanıqlı şəhərsalma layihələrinin beynəlxalq ictimaiyyətə nümayişi baxımından əhəmiyyətli olar.

“Belə səfərlər həm ölkənin əldə etdiyi təcrübənin paylaşılmasına, həm də gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verə bilər. COP29 təcrübəsi və son illərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri Azərbaycanın beynəlxalq şəhərsalma platformalarında daha fəal iştirakına imkan yaradır və bu istiqamətdə ölkənin nüfuzunun artmasına xidmət edir”, - deyə İB sədri əlavə edib.

Seçilən
105
1
azertag.az

2Mənbələr