AZ

Universitetlərdə seminarlar 60 dəqiqəyə endirilməlidir -AÇIQLAMA

Universitet dərslərinin 80 dəqiqə olması bəzi müəllimlərdə və tələbələrdə narazılıq yaradır. Mövcud dərs müddətinin uzunluğu diqqətin dağılması, yorğunluğun artması və materialın mənimsənilmə səviyyəsinə təsiri kimi məsələləri də gündəmə gətirir:

Bu baxımdan universitet dərslərinin 1 saat müddətində təşkili mümkündürmü və ümumilikdə dərs vaxtının azaldılmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, hazırda beynəlxalq təcrübədə universitet dərslərinin müddəti 60-90 dəqiqə arasında dəyişir:

"Məsələn, Amerikada dərslər adətən 75-80 dəqiqə olur bu isə ştatların böyüklüyü və təşkilati fərqliliklərdən irəli gəlir. Avropa ölkələrində və Türkiyədə də dərs müddətləri 60–80 dəqiqə arasında dəyişir. Ümumilikdə, beynəlxalq təcrübədə universitet dərsləri 50-90 dəqiqə intervalında keçirilir. Bizdə isə hələ də sovet dövründən qalmış ənənə davam edir və dərslər 90 dəqiqə müəyyən olunub. Beynəlxalq təcrübədə dərslər mühazirə və seminar (praktiki) dərsləri olaraq fərqləndirilir. Mühazirələr geniş məzmunlu olur, seminar dərsləri isə praktiki məşğələlər, mövzuların qrup və fərdi şəkildə müzakirəsi, keçilmiş mühazirələrin analizi üçün nəzərdə tutulur. Seminar dərslərinin müddəti mühazirələrdən aşağıdır və adətən 55–70 dəqiqə aralığında təşkil olunur, bəzən 60-65 dəqiqə standart qəbul edilir. Dərs müddətləri müəyyən ölkələrdə müxtəlif amillərlə uyğunlaşdırılır. Məsələn, uzaq məsafədən gələn professorlar üçün dərs saatları artırıla bilər ki, tədris proqramı vaxtında icra olunsun. Lakin standart yanaşma üzrə, 90 dəqiqəlik mühazirələr bizim şərtlərdə artıq uzun hesab olunur".

Ekspert əlavə etdi ki, seminar dərslərini isə 60 dəqiqəyə salmaq daha məqsədəuyğun olar:

"Bu yanaşma həm tələbələrin qavrama qabiliyyətinə, həm də elmi əsaslara uyğundur. Tədqiqatlar göstərir ki, orta hesabla beyin 28-35 dəqiqə ərzində informasiyanı maksimum səviyyədə qəbul edə bilir. Bu səbəbdən ümumtəhsil məktəblərində dərs müddəti 45 dəqiqə müəyyən edilir: 20-25 dəqiqə yeni dərs, qalan vaxt isə köhnə dərsin təkrarına və tapşırıqların yoxlanılmasına sərf olunur. Ali təhsil müəssisələrində də bu prinsip tətbiq oluna bilər. Təcrübəli müəllimlər 90 dəqiqəlik mühazirələri hissələrə bölərək keçirirlər: 30-35 dəqiqəlik hissədən sonra qısa fasilə və ya maraqlı sitat, lətifə, praktiki misal verərək tələbələrin beyin yorğunluğunu azaldırlar. Beləliklə, 70-80 dəqiqəlik mühazirə və 60 dəqiqəlik seminar dərsləri həm tələbələr üçün effektiv olar, həm də beynin qavrama limitlərinə uyğunlaşmış olar".

Xədicə BAXIŞLI

Seçilən
110
1
redaktor.az

2Mənbələr