AZ

Paşinyan seçki ərafəsində Rusiyayamüharibə kursu elan etdi...



Xaqani Cəfərli: “Ermənilərin bu çağrışa nə qədər əməl edəcəyini qarşıdan gələn parlament seçkiləri göstərəcək”

Ermənistanın Baş naziri Paşinyan, Ermənistanın uzun illərdir dünyaya Moskva mərkəzli bir baxış bucağından baxdığını deyərək, 2026-cı ildə erməni xalqının öz gələcəyini özü müəyyən edəcəyini bildirib.

Baki-xeber.com-un məlumatına görə, Paşinyan bildirib ki, Ermənistan tarixən dünyaya Rusiya Dövlət Dumasının üzvü Zatulinin gözü ilə baxıb: "1830-cu illərdən 2023-cü ilə qədər Ermənistanda hamımız dünyaya Zatulinin gözü ilə baxmışıq. 2026-cı ildə Ermənistan vətəndaşları öz gözləri ilə gördüklərinə, yoxsa Zatulinin gözü ilə inanmağa qərar verəcəklər".

Paşinyan həmçinin qeyd edib ki, Rusiyadakı müəyyən dairələr Ermənistanın Türkiyə və Azərbaycanla sülh bağlamasını istəmir. “Rusiyada Ermənistanla Türkiyə və Azərbaycan arasında sülhün onlara fayda vermədiyi məntiqi ilə düşünən müəyyən dairələr var. Onlara görə, düşmənçilik davam edərsə, Ermənistan Rusiyaya daha da möhkəm yapışmalı olacaq", - deyə Paşinyan bildirib.

"Məmnuniyyətlə qeyd edirəm ki, Ermənistanın Rusiyadan asılılığını yaratmaq və ya gücləndirmək üçün ölkəmizlə Türkiyə və Azərbaycan arasında daim münaqişələri qızışdırmağın vacibliyi anlayışı çoxları tərəfindən paylaşılmır. Əminəm ki, həmkarım Vladimir Putin, Mixail Mişustin və hökumətin bir çox nümayəndəsi də bu fikri bölüşmür", - deyə o bildirib.

Paşinyan seçkilərdən sonra oliqarxların və ya keçmiş prezidentlərin (ad çəkmir) ölkədən qovulacağını bildirib: "2026-cı ildən sonra bir oliqarxın və ya keçmiş prezidentin siyasətə müdaxilə etdiyini görməyəcəksiniz, hamısı qovulacaq".

Gördüyünüz kimi Paşinyan seçki qabağı Rusiyaya hücum xətti elan etdi. Bir çox ekspertlər hesab edir ki, Ermənistanın baş nazirinin son bəyanatı, yəni Rusiyaya meydan oxuması təsadüfi deyil. Bunu daha çox ABŞ-ın viste-prezidentin Ermənistana dəstək vəd etməsi ilə bağlayırlar.

Bunun ABŞ vitse-prezidentinin Vensin İrəvana səfərindən sonra baş verməsi təsadüfdür? Yoxsa onun səfəri Paşinyana güc verib ki, Rusiyaya qarşı belə fikirlər bildirsin?

Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, Ermənistanın Baş naziri Paşinyan, Ermənistanın uzun illərdir dünyaya Moskva mərkəzli bir baxış bucağından baxdığını deyərək, 2026-cı ildə erməni xalqının öz gələcəyini özü müəyyən edəcəyini bildirməsi yalnız ermənilər üçün deyil, bütün postsovet xalqları üçün keçərli olmalıdır: “Paşinyanın bəhs etdiyi Konstantin Zatulin Andranik Miqranyanla birlikdə yazdığı və 1997-ci ilin martında "Nezavisimaya qazeta"da dərc olunmuş "MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələləri dəyişmək" başlıqlı məqaləsində Rusiyanın postsovet məkanı üzərində nəzarəti saxlamasının ideoloji əsaslarını və bu vəzifəni həyata keçirməyin yolları müəyyən edib.

Əsas tezisləri Andranik Miqranyan Sergey Lavrovla Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda bir qrupda oxuduğu Sergey Lavrov tərəfindən müəyyən edilmiş "MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələləri dəyişmək" məqalənin ümumi fikri ondan ibarətdir ki, Rusiya postsovet məkanını özünün təsir dairəsində saxlamaq üçün bütün imkanlara əl atmalı, o cümlədən, münaqişələr yaratmalı və onları idarə etməlidir. Paşinyan ermənləri Rusiyanın bu siyasətinin əsiri, aləti olmamağa çağırır. Ermənilərin bu çağrışa nə qədər əməl edəcəyini qarşıdan gələn parlament seçkiləri göstərəcək”.

X.Cəfərlinin fikrincə, ancaq Paşinyanın çağrışından Azərbaycan cəmiyyətinə də pay düşür. “Rusiyada bərqərar olmuş raşizm Azərbaycana qarşı hibrid müharibə aparır. Rusiyanın cinayətkar ordusu Azərbaycanın Ukraynadakı səfirliyinə zərbə endirib. Xəbərdarlıq xarakterli olaraq Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliklərinin- konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatları Rusiya tərəfinə verildikdən sonra bu cinayət iki dəfə təkrar olunur. Təəssüf ki, Ermənistanda olduğu kimi Azərbaycanda da Rusiyanın maraqlarını müdafiə edən, Putinin cinayətlərinə bəraət qazandıranlar var.

Paşinyan seçkilərdən sonra Rusiyanın maraqlarını müdafiə edən oliqarxları və keçmiş prezidenti ölkədən qovulacağını bildirir. Azərbaycan da Rusiyanın maraqlarını müdafiə edən, Putinin cinayətlərinə bəraət qazandıranları ölkədən qovmasa da, parlamentdən və dövlət strukturlarından qovmalıdır. Çünki bu bəlanın hədəfi yalnız Ermənistan deyil. Rusiyada bərqərar olmuş raşizmin əsas hədəfi Ermənistandan daha çox Azərbaycandır”-deyə X.Cəfərli bildirdi.

İradə SARIYEVA

Seçilən
18
baki-xeber.com

1Mənbələr