AZ

Cahangir Həsənzadə: “Qarabağ”ın Çempionlar Liqasında bu mərhələyə gəlməsi ayrıca qürur mənbəyidir”

“Qarabağ” meydanda rəqiblə sözün əsl mənasında mübarizə apardı. Amma sürət və təzyiq matçın taleyini müəyyənləşdirdi”.

Bu sözləri AFFA-nın texniki direktoru Cahangir Həsənzadə “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” komandasına 1:6 hesabı ilə uduzduğu oyun barədə danışarkən deyib.

Onun sözlərinə görə, qarşılaşmada rəqibin sürəti və tempi açıq şəkildə hiss olunurdu.

“Nyukasl” Premyer Liqa səviyyəsində formalaşmış komandadır və fərq meydanda aydın görünürdü. Bu mərhələdə artıq bütün komandalar müəyyən keyfiyyətə malikdir və zəif rəqib anlayışı demək olar ki, yoxdur. Ən vacib məqam isə təmsilçimizin bu mərhələyə qədər yüksəlməsidir ki, bu da bizim üçün ayrıca qürur mənbəyidir. Hesabın böyük olması futbolda təəccüblü hal deyil. Futbol elə idman növüdür ki, istənilən nəticə qeydə alına bilər. Mütəxəssislərin də qeyd etdiyi kimi, “Nyukasl” Premyer Liqada ən yüksək pressinq tətbiq edən və sürətli keçidlərə üstünlük verən komandalardan biri sayılır. Bu keyfiyyətlər dünənki matçda da özünü göstərdi”, - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

Azərbaycan millisinin və Ağdam təmsilçisinin sabiq qapıçısı bildirib ki, ümumi nəticəyə baxdıqda “Qarabağ”ın yaxşı nəticə üçün mübarizə apardığını, əlindən gələni etdiyini görmək olar:

“Komandamız meydanda rəqiblə sözün əsl mənasında mübarizə apardı. Futbolçularımız epizodlarda rəqibin hücumlarının qarşısını almağa çalışdılar, zaman-zaman buna nail də oldular. Xüsusilə qapıçı Mateuş Koxalski bir neçə epizodda çox yaxşı oyun göstərdi və komandanı daha böyük hesabdan xilas edən müdaxilələr etdi. Buna baxmayaraq, nəticə etibarilə böyükhesablı məğlubiyyət qeydə alındı. Entoni Qordonun dörd qol vurmasına gəlincə, hücumçu üçün əsas vəzifə fərqlənməkdir. O da öz işinin öhdəsindən yaxşı gəldi”.

C. Həsənzadə bu cür oyunların Azərbaycan çempionu üçün yaxşı təcrübə və sınaq olduğunu söyləyib:

“Qarabağ” üçün bu mərhələdə oynamaq, belə sürətli və yüksəksəviyyəli komandaya qarşı mübarizə aparmaq gələcək üçün ciddi qazancdır. Düşünürəm ki, bu qarşılaşma Çempionlar Liqası və digər Avropa turnirlərində pley-off mərhələsində oynamaq baxımından komandaya böyük təcrübə verdi. Əminəm ki, növbəti iştiraklarda “Qarabağ” artıq bu səviyyəyə daha uyğun şəkildə hazırlaşacaq və belə böyükhesablı məğlubiyyətlər yaşamayacaq”.

Qeyd edək ki, “Nyukasl” və “Qarabağ” arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Çelsi” və ya “Barselona” kollektivlərindən biri ilə qarşılaşacaq.

İdman.Biz
Seçilən
29
2
idman.biz

3Mənbələr