AZ

Şirkət rəhbəri: Startap ekosistemində uğur sadəcə unikal ideya axtarmaq yox, unikal yanaşma ortaya qoymaqdır – MÜSAHİBƏ

Bakı, 19 fevral, Vüsalə Səfərova, AZƏRTAC

İş axtaranlarla işəgötürənləri bir araya gətirən onlayn platformalar artıq ənənəvi elan üsullarını əvəz edir, vakansiyaların daha operativ və şəffaf şəkildə paylaşılmasına imkan yaradır. Xüsusilə sürətlə dəyişən əmək bazarında doğru namizədi tapmaq və ya uyğun işi seçmək həm vaxt, həm də düzgün alətlər tələb edir. Məhz bu ehtiyacdan yaranan onlayn iş elanları platforması üzrə startap layihəsi “Hellojob” işəgötürənlərlə namizədlər arasında körpü rolunu oynayaraq vakansiyaların yerləşdirilməsi, müraciətlərin idarə olunması və seçim prosesinin optimallaşdırılmasını vahid məkanda təqdim edir. Buna görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Hellojob” MMC-yə sahibkarlara vergi güzəştləri verən “Startap” şəhadətnaməsi verib.

Layihənin rəhbəri Samir Həbibli AZƏRTAC-a müsahibəsində startapın yaranma ideyası, qarşıya qoyulan hədəflər və gələcək planlar barədə danışıb. Müsahibəni təqdim edirik:

- Əvvəlcə rəhbərlik etdiyiniz layihənin fəaliyyət istiqaməti barədə məlumat verərdiniz. Startapın məqsədi nədən ibarətdir? Hansı problemi həll edir?

- “Hellojob” Azərbaycanda iş axtarış prosesinin sistemləşdirilməsini və bütün vakansiyaların mərkəzləşdirilməsini hədəfləyən rəqəmsal platformadır. Platforma həm iş axtaranlar, həm də əməkdaş axtaran şirkətlər üçün vakansiyanın yerləşdirilməsindən namizədin seçiminə qədər bütün mərhələləri əhatə edən funksionallığa malikdir.

Hellojob.az əmək bazarında mövcud olan iş axtarışı proseslərindəki çətinlikləri iki əsas istiqamətdə aradan qaldırır. Namizədlər üçün vakansiyaları mərkəzləşdirir, axtarış və müraciət prosesini sadələşdirərək daha əlçatan edir; şirkətlər üçün isə 360 dərəcə işə qəbul sistemi təqdim edərək müraciətlərin strukturlaşdırılmış şəkildə idarə olunmasını təmin edir.

“Hellojob” Azərbaycan əmək bazarında xüsusi rol oynayır. Son 1 il ərzində platformaya 1,1 milyon unikal istifadəçi daxil olub və ümumilikdə 3,5 milyon dəfə ziyarət qeydə alınıb. Bu dinamika göstərir ki, vakansiyalar üçün mərkəzləşdirilmiş və sistemli platformaya real ehtiyac mövcuddur.

Google Analytics, 2026

- Bəs bu sahəyə gəlişiniz necə baş verdi? Belə bir təşəbbüs irəli sürməkdə sizi ilhamlandıran nə oldu?

- İndiyədək dörd startap təşəbbüsünün müəllifi olmuşam. Bu layihələr arasında məhz sonuncu — “Hellojob.az” daha dayanıqlı və uğurlu inkişaf mərhələsinə keçib. Əvvəlki üç təşəbbüs isə mənim üçün dəyərli təcrübə olub.

Bu proseslər mənə bir əsas prinsipi öyrətdi: startap ekosistemində uğur sadəcə unikal ideya axtarmaq yox, unikal yanaşma ortaya qoymaqdır. Əsas fərq problemi daha dərindən anlamaq, istifadəçinin real ehtiyacını dəqiq müəyyənləşdirmək və həmin problem üzərindən əlavə dəyər formalaşdırmaqdır.

- İlk gündən bu günə qədər ən böyük dəyişiklik nə olub?

- İlkin versiya istifadəyə verildikdən sonra inkişaf prosesini analitik göstəricilər əsasında qurmağa başladım. İstifadəçi davranışlarını ölçüb, çətinlik nöqtələrini müəyyənləşdirərək və data əsaslı qərarlar qəbul edərək məhsulu mərhələli şəkildə təkmilləşdirdim.

Bu gün ilkin versiya ilə son versiya arasında ciddi fərq var. İlk və indiki versiyalara baxdıqda bunların tamamilə fərqli dizayn olduğunu müşahidə edə bilərsiniz. Lakin bu dəyişikliklər istifadəçiyə hiss etdirilmədən, testlər və mərhələli optimizasiya yolu ilə həyata keçirilib.

- Bu yolda sizi ən çox motivasiya edən nədir?

- Məni ən çox motivasiya edən layihənin real sosial təsir yaratmasıdır. Bir insanın iş tapmasına töhfə vermək, düşünürəm ki, böyük dəyərdir. Mənim üçün “Hellojob” sadəcə rəqəmsal platforma deyil, əmək bazarında daha şəffaf və sistemli mühit formalaşdırmaq təşəbbüsüdür. Bu istiqamətdə ən dəyərli məqam isə istifadəçilərdən aldığımız təşəkkür mesajlarıdır.

- Startapınızı 3–5 ildən sonra harada görürsünüz?

- Hazırda “Hellojob” öz gəlirləri hesabına fəaliyyət göstərən, bütün əməliyyat xərclərini qarşılayan və əldə olunan vəsaiti platformanın inkişafına yönəldən dayanıqlı biznes modelinə sahibdir. Bu isə layihənin xarici asılılıq olmadan böyümə qabiliyyətinə malik olduğunu göstərir.

Növbəti 2 il üçün isə əsas hədəfim Azərbaycanda bütün vakansiyaların mümkün qədər mərkəzləşdirilmiş və sistemli şəkildə vahid platformada toplanmasına nail olmaqdır. Məqsəd əmək bazarında informasiya əlçatanlığını artırmaq və prosesi daha strukturlaşdırılmış modelə çevirməkdir. Yerli bazarda model tam formalaşdıqdan sonra regional bazara çıxış nəzərdə tutulur.

Qlobal təcrübə göstərir ki, iş elanları platformaları yüksək trafikə və ciddi iqtisadi potensiala malikdir. Bir çox Avropa ölkəsində yerli platformalarda aylıq on minlərlə vakansiya paylaşılır və hər bir elan üçün yüzlərlə avro ödəniş tələb olunur. Bu isə sektorun miqyasını və inkişaf imkanlarını aydın şəkildə göstərir.

- Startap qurmaq istəyən gənclərə ilk tövsiyəniz nə olardı?

- Mənim yanaşmama görə, startap üçün ən kritik məsələ real problemi müəyyənləşdirmək və onu sahiblik səviyyəsində qəbul edərək həlli istiqamətində düşünməyə başlamaqdır. Problemi gündəlik düşüncə prosesinin mərkəzinə daşımaq, onu davamlı şəkildə analiz etmək və daha effektiv həll modeli qurmaq vacibdir.

İkinci vacib məqam fokusdur. Əgər ideyanı 3–5 cümlə ilə aydın şəkildə izah etmək mümkün deyilsə, deməli dəyər təklifi hələ tam formalaşmayıb.

İlkin versiya (MVP) istifadəyə verildikdən sonra diqqət analitikaya yönəlməlidir. İstifadəçi davranışlarının ölçülməsi, çətinliklərin müəyyənləşdirilməsi və data əsaslı qərarların verilməsi məhsulun inkişafında həlledici rol oynayır.

Satış startap üçün ən vacib amildir. Texniki baxımdan ən güclü məhsulların belə uğursuz olmasının əsas səbəblərindən biri satışın zəif qurulmasıdır. Satış texnoloji inkişafla birlikdə irəliləməlidir. Çünki müştəridən gələn real geri dönüşlər məhsulun hansı istiqamətdə inkişaf etməsinə önəmli töhfə verir.

Seçilən
63
1
azertag.az

2Mənbələr