AZ

Bakıda qəbiristanlıqda qalmaqal – Nazirlik və polis işə qarışdı – VİDEO

Suraxanı rayonu ərazisində yerləşən Dədə Qorqud qəbiristanlığında ağaclar qanunsuz kəsilib.

Bu barədə “Yeni Sabah”a yaxınları həmin məzarlıqda dəfn olunmuş şəxslər məlumat verib.

Onların sözlərinə görə, qəbirstanlığı ziyarət edən zaman ağacların kəsildiyini görüblər:

“Anamızın vəfatının ildönümü ilə bağlı Suraxanı rayonu ərazisindəki Dədə Qorqud qəbiristanlığına ziyarətə getmişdik. Qəbrin ətrafında 2009-cu ildə əkdiyimiz, 17 illik 3 ağacın kəsildiyini gördük. Foto sübutlar da bunu təsdiqləyir. Ağacların diametri heç də az deyildi – 28, 24 və 24 sm diametrli ağaclar məhv edilib. Bu qədər vandalizm necə mümkün ola bilər?

Ərazidəki fəhlədən ağacları kim tərəfindən kəsildiyini soruşduq. Onlar bildirdi ki, qəbiristanlığın mühafizəsi Uğur adlı şəxsdən göstəriş alıblar və ağacları kəsiblər. Onun nömrəsini tapdıq və zəng etdik. Bu vandalizmi hansı əsasla etdiyini soruşduq. Dedi: “Yaxşı eləmişəm, kimə şikayət edirsiniz edin”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102 xidməti-zəng mərkəzi”nə məlumat verdik. Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsində bizdən ərizə aldılar.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi də araşdırma aparır. Müraciət etdiyim gün qurumdan nümayəndələr əraziyə gəldilər, baxış keçirdilər”.

Dədə Qorqud qəbiristanlığının mühafizəçi Uğur İslamlı isə “Yeni Sabah”a bildirib ki, ağacların kəsilməsindən xəbəri olmayıb.

O qeyd edib ki, dəfn üçün yerin ayrılması səbəbindən bəzən ağacların budanması və ya kəsilməsi zəruri olur:

“Dədə Qorqud qəbirstanlığında kütləvi ağac kəsimindən söhbət gedə bilməz. Qətiyyən belə bir hal yoxdur. Buraya yüzlərlə insan gəlir.

Təbii ki, insanlar ağaclara diqqət yetirirlər. Amma biz burada ağac əkib saxlaya bilmirik, çünki bu ərazi məzarlıqdır və dəfn üçün ayrılıb. Artıq ərazi dolub, qəbr yerləri yoxdur. Kimsə dəfn üçün yer götürüb ölüsünü dəfn etmək istəsə, məcbur olub ağacı budamalıdır ki, qəbri ora yerləşdirə bilsin”.

Uğur İslamlının sözlərinə görə, kəsilən ağacların yerində yeniləri əkilib: “Mənim oğlum Vətən müharibəsində şəhid olub. Hətta şəhid oğlumun qəbrinə and içdim ki, ağacların kəsilməsindən xəbərim olmayıb, bu işdə əlim yoxdur!

Həqiqət belədir: Onlar qəbirin yanında 2009-cu ildə ağac əkiliblər, daha sonra onların məzarının yanında başqa bir nəfər dəfn olunub. İllər keçdikcə ağaclar böyüyüb və nəticədə qəbir yerlərində müəyyən narahatlıq yaranıb.

Ağacı kəsdirən də onların məzarının yanında olan məzarın yiyələridir. Həmin adam özü gəlib izahat verib, deyib ki, qəbirstanlıqda heç kim yox idi, mən də fəhlə tutub özüm kəsdim. Mühafizəçi olaraq mənim xəbərim olmadan belə bir iş görülüb. Əgər xəbərim olsaydı, əvvəlcə polis orqanlarına, ekoloji qurumlara və ya ərazi üzrə məsul şəxslərə məlumat verərdim.

Ağacların bərpası üçün artıq addımlar atılır və əraziyə yeni ağaclar əkilir. Mən işçilərə tapşırdım ki, 3 ağac alıb gətirin və əkin. Lakin bundan sonra da qəbir yerlərində yenidən mübahisələr və problemlər yarana bilər.

Dövlət orqanları tədbir görür, araşdırma davam edir və qanun çərçivəsində məsələlər həll olunacaq”.

Əsmətxanım Rzazadə

Seçilən
63
50
editor.az

10Mənbələr