AZ

“Vaşinqton yaya qədər atəşkəsə nail olmaq istəyir”

Xəbər verdiyimiz kimi, Cenevrə şəhərində Moskva, Kiyev və Vaşinqton nümayəndə heyətləri Ukraynadakı nizamlanmanı müzakirə ediblər. 

Bəs bu danışıqların mümkün nəticəsi necə ola bilər?

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, gözlənildiyi kimi, görüş ciddi nəticələrlə yekunlaşmadı. Onun sözlərinə görə, danışıqlar prosesinin dalana dirənməsi əsasən ərazi və təhlükəsizlik təminatları ilə bağlıdır:

“Rusiya bu məsələlərlə, xüsusilə Donbasın boşaldılması ilə bağlı irəli sürdüyü şərtlərdə prinsipiallıq nümayiş etdirir. Ukrayna isə buna getmir. Zelenskinin verdiyi mesaj ondan ibarətdir ki, döyüş davam etməli və Avropa İttifaqı Ukraynaya davamlı yardım göstərməlidir. Məhz buna görə də, Fransanın Rusiya ilə diplomatik təmas qurma cəhdləri istər Ukrayna, istərsə də Avropa İttifaqının digər ölkə başçıları və struktur rəhbərləri tərəfindən narazılıqla qarşılandı”.

Müsahibimiz əlavə etdi ki, ABŞ isə yalnız Ukraynanın ərazi güzəştlərinə getməsinə çalışır və buna görə də Ukraynaya ciddi təzyiq göstərir:

“Bu da Zelenski tərəfindən açıq şəkildə dilə gətirildi. ABŞ çalışır ki, Ukraynanın ərazi itkiləri hesabına yaya qədər ən azı atəşkəsə nail olsun. Çünki noyabrda ABŞ-də aralıq seçkiləri keçiriləcək və buna görə də Ukrayna probleminin Tramp tərəfindən həll olunduğu görüntüsü yaradılmalıdır. Buna görə də Rusiya danışıqlar prosesinin getməsi ilə paralel Ukraynaya hücumlarını genişləndirir və danışıqlar masasında irəli sürdüyü şərtləri cəbhədə həll etməyə çalışır. Bu mənzərə isə onu deməyə əsas verir ki, danışıqlar prosesinin hələ ki, perspektivi yoxdur, cəbhədəki vəziyyət gələcək perspektivləri müəyyən edəcək”.

Nuriyyə NATİQQIZI

Seçilən
78
1
redaktor.az

2Mənbələr