AZ

ABŞ qoşunlarını Suriyadan tamamilə ÇIXACAQ

Ajans.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) üç ABŞ rəsmisinə istinadən məlumat yayıb. Bildirilir ki, United States Department of Defense (Pentaqon) Suriyada qalan qüvvələrin mərhələli şəkildə çıxarılması üçün hazırlıqlara başlayıb. Məlumata görə, proses başa çatdıqdan sonra ABŞ-ın Suriyadakı təxminən 10 il davam edən hərbi mövcudluğu tam dayandırılacaq. İki ABŞ rəsmisi qeyd edib ki, ordu bu ayın əvvəlində Suriya–İordaniya–İraq sərhədində yerləşən strateji əl-Tanf qarnizonundan, eləcə də Suriyanın şimal-şərqindəki Şeddadi hava bazasından qüvvələrin çıxarılmasını yekunlaşdırıb. Eyni mənbələrin bildirdiyinə görə, Donald Trump administrasiyası İŞİD-ə qarşı mübarizədə Vaşinqtonun tərəfdaşı olan YPG-nin “demək olar ki, tamamilə dağılması” səbəbilə Suriyada genişmiqyaslı hərbi mövcudluğun artıq zəruri olmadığı qənaətinə gəlib. Digər rəsmi isə vurğulayıb ki, yeni mərhələdə Vaşinqton Suriya hökuməti ilə daha sıx diplomatik münasibətlər qurmağı və mümkün daxili təhdidləri hərbi deyil, diplomatik mexanizmlər vasitəsilə idarə etməyi planlaşdırır. ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack daha əvvəl açıqlamasında bildirib ki, ABŞ ordusunun İŞİD-ə qarşı missiyasının 99 faizi yerinə yetirilib. Onun sözlərinə görə, Suriyadakı ABŞ hərbi bazalarının sayı səkkizdən üçə endirilib və gələcəkdə bir bazaya qədər azaldılması nəzərdə tutulur.

 

Seçilən
27
Ajans.az

1Mənbələr