AZ

Fransanın ictimai nəqliyyatında fəaliyyət göstərən təhlükəsizlik əməkdaşlarına səlahiyyətlər verilir

Paris, 19 fevral, AZƏRTAC

Fransada ictimai nəqliyyatda təhlükəsizliyin gücləndirilməsi məqsədilə yeni qərar qəbul edilib. “Journal officiel”də dərc olunan fərmana əsasən, SNCF - dəmir yolları və RATP - avtobus ictimai nəqliyyat şirkətlərinin yüzlərlə təhlükəsizlik əməkdaşı elektrik impuls tapançaları – “Taser”lərlə təchiz ediləcək.

AZƏRTAC xəbər verir ki, qərara görə, bu öldürücü olmayan silahların daşınmasına üç il müddətinə eksperimental qaydada icazə verilir.

Qərar 20 fevral tarixindən qüvvəyə minir və tətbiq müddəti həmin tarixdən hesablanacaq. Bu addım ötən ilin dekabrında qəbul edilmiş və nəqliyyatda təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutan qanun çərçivəsində atılıb. Hökumət qərarı ictimai nəqliyyat şəbəkələrində artan zorakılıq halları ilə mübarizə zərurəti ilə əsaslandırır. Rəsmi izahata görə, məqsəd gərgin situasiyalarda daha çevik və proporsional müdaxilə imkanları yaratmaqdır.

Qeyd edək ki, eyni qanun çərçivəsində ötən dekabrdan etibarən nəzarətçilər tərəfindən geyim üzərində quraşdırılan kameraların geniş tətbiqinə də başlanılıb. Bu tədbir sərnişinlərin və personalın təhlükəsizliyinin artırılması, həmçinin mübahisəli halların sənədləşdirilməsi məqsədi daşıyır. Yeni qərar ictimai nəqliyyatda təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Qarşıdakı üç il ərzində eksperimentin nəticələri qiymətləndiriləcək və tədbirin daimi olub-olmayacağına dair qərar veriləcək.

Seçilən
81
1
azertag.az

2Mənbələr