AZ

Kamerunlu rektor: Müstəmləkəçilik bu gün də neomüstəmləkəçilik formasında davam edir

Bakı, 19 fevral, AZƏRTAC

Konfransın sessiyalarında olduqca əhəmiyyətli mövzulardan danışırıq. Müstəmləkəçilik, neomüstəmləkəçilik və müstəmləkə bərabərsizliklərinə dair bir çox məsələlər müzakirəyə çıxarılıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Kesmonds Beynəlxalq Universitetinin rektoru, psixoterapevt, klinik psixoloq və təhsil eksperti Atanqa Dezmond Funvi söyləyib.

O bildirib ki, müstəmləkəçilik və onun yaratdığı bərabərsizliklərdən danışarkən, bu prosesin xalq və millət olaraq bizə necə təsir etdiyini nəzərdən keçiririk. Eyni zamanda, müstəmləkəçiliyin bu gün də neomüstəmləkəçilik formasında davam etdiyini görürük. Məsələn, hələ də xarici valyutadan istifadə edən ölkələrdə bu təsir açıq şəkildə müşahidə olunur.

"Kamerun Fransanın müstəmləkəsi olub və bu gün də biz fransız frankından istifadə edirik. Bu, müstəqillikdən 75 il keçməsinə baxmayaraq, davam edən neomüstəmləkəçiliyin bir formasıdır. Bundan əlavə, bəzi ölkələr siyasi rəhbərliklə bağlı qərarları xarici təsir olmadan qəbul etmək gücünə malik deyil ki, bu da müstəmləkə irsinin davam etdiyini göstərir", - deyə Atanqa Dezmond Funvi vurğulayıb.

Rektor əlavə edib ki, dövlətlər arasında diplomatik münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır. Heç bir ölkə digərinin üzərində hökmranlıq etməməli və ya onun əvəzinə qərar qəbul etməməlidir. Resurslarımızı idarə etmək və ya siyasi əməkdaşlıq qurmaq istəyiriksə, bu, qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq əsasında olmalıdır. Bu konfrans müstəmləkə altında olmuş xalqların gözlərini açmağa, qarşılıqlı hörmətin əhəmiyyətini dərk etməyə və öz gələcəklərini necə formalaşdırmalı olduqlarını anlamağa kömək edir.

Seçilən
105
azertag.az

1Mənbələr