AZ

Daşkəsən kobaltının emalına dair yeni tədqiqat işi çapdan çıxıb

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun əməkdaşı Nailə Yusifovanın “Daşkəsən yatağının kobalttərkibli filizinin emalı” adlı kitabı işıq üzü görüb.

İnstitutdan SİA-ya verilən məlumata görə, nəşr Daşkəsən yatağının kobalttərkibli filizlərindən metalın səmərəli çıxarılması istiqamətində aparılan kompleks tədqiqatlara həsr olunub. Kitabda kobaltın filizlərdən ayrılmasının optimal şəraiti, həmçinin sulfid filizlərinin emal məhsullarından kobalt birləşmələrinin alınmasının kimyəvi qanunauyğunluqları geniş şərh edilib. Müəllif tədqiqat prosesində həm pirometallurgiya, həm də hidrometallurgiya üsullarından istifadə edərək yeni texnoloji yanaşmalar təklif edib.

Kitabda kobalt filizinin və onun emal məhsullarının kimyəvi-mineraloji analizləri təqdim olunur, xammalın mineral turşularda həllolma dinamikası və termiki parçalanma prosesinin kinetik qanunauyğunluqları araşdırılır. Xüsusilə kobaltın ammonium xloridlə emalının optimal şəraiti və məhlullardan ekstraksiya üsulu ilə ayrılması metodları elmi əsaslarla izah edilib. Yeni texnologiyaların tətbiqi vasitəsilə kobaltın onu müşayiət edən digər metallardan təmiz şəkildə ayrılması imkanları tədqiqatın əsas istiqamətlərindən biridir.

Yeni nəşr metallurgiya sahəsində çalışan mütəxəssislər, eləcə də ali məktəb tələbələri və doktorantlar üçün dəyərli vəsaitdir.

Seçilən
32
3
sia.az

4Mənbələr