AZ

Bu şəxslərə oruc tutmaq vacib hesab edilmir - Hacı Surxay AÇIQLADI

"Müsəlman, ağıllı (yəni ağlı sağlam), həddi-büluğa çatmış və oruc tutmağa fiziki imkanı olan şəxsə oruc tutmaq vacibdir".

Bu fikirləri ilahiyyatçı Hacı Surxay Məmmədli Redaktor.az-a açıqlamasında Ramazan ayında kimlərin oruc tutub-tuta bilməməsindən danışarkən bildirdi.

Müsahibimiz vurğuladı ki, Ramazan ayında oruc ibadəti vacib sayılır:

"Lakin İslam hüququnda bəzi hallar var ki, həmin şəxslərə oruc tutmaq vacib hesab edilmir və ya onlar üçün güzəşt tətbiq olunur. İlk növbədə xəstə olan şəxslər bu kateqoriyaya daxildir. Əgər oruc tutmaq insanın sağlamlığına zərər verirsə, mövcud xəstəliyi ağırlaşdırırsa və ya sağalma prosesini ləngidirsə, həmin şəxs oruc tutmamalıdır. Belə hallarda sağlamlıq hər şeydən önəmlidir. Müvəqqəti xəstəlikdirsə, sağaldıqdan sonra tutmadığı günlərin qəzasını edir. Səfərdə olan şəxslər də oruc tutmaya bilərlər. Qurani-Kərimdə də bildirilir ki, xəstə və ya səfərdə olanlar tutmadıqları günləri başqa vaxtda qəza etsinlər. Hamilə və ya süd verən qadınlar da xüsusi kateqoriyaya aiddir. Əgər oruc tutmaq ananın sağlamlığına və ya körpənin qidalanmasına zərər verə bilərsə, bu halda onlara oruc vacib deyil. Sonradan imkan olduqda qəza edilir. Yaşlı və taqətsiz insanlar da orucdan azaddırlar. Əgər qoca insan fiziki baxımdan oruc tutmağa qadir deyilsə və sağlamlıq baxımından risk varsa, ona oruc vacib sayılmır. Belə şəxslər qəza edə bilmədikləri üçün fidyə verməklə vəzifələrini yerinə yetirmiş olurlar".

Nuriyyə NATİQQIZI

Seçilən
83
1
redaktor.az

2Mənbələr