AZ

Sülh Şurasının perspektivləri və gələcək rolu nədir?

Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir”

"Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti Birləşmiş Ştatların təşəbbüsü ilə yaradılmış Sülh Şurasının ilk təsisçilər görüşündə iştirak etmək üçün ABŞ-a səfər edib. Sülh Şurasının dünya dövlətləri, eləcə də yenicə müharibədən çıxmış Azərbaycan üçün əhəmiyyəti maraqla izlənilir".

Bu istiqamətdə Hafta.az-a açıqlama verən deputat Hikmət Babaoğlu bildirib ki, bu hadisə beynəlxalq münasibətlər sistemində əhəmiyyətli mərhələ kimi yadda qalacaq. Onun sözlərinə görə, görüşün gündəliyi kifayət qədər maraqlıdır.

“Gündəlikdə duran birinci məsələ Qəzzaya humanitar yardımın ayrılmasıdır. İlkin mərhələdə bu yardımın həcminin 5 milyard ABŞ dolları səviyyəsində nəzərdə tutulduğu bildirilir. İkinci əsas məsələ isə Qəzzada sabitliyin təmin olunması məqsədilə sabitləşdirici qüvvələrin yaradılmasıdır. Bu məsələ xüsusilə aktualdır. Çünki HƏMAS təşkilatının formalaşmasından sonra bölgədə faktiki idarəçilik funksiyasını yerinə yetirməyə çalışan strukturun yerini hansı mexanizmin dolduracağı məsələsi açıq qalır. Bu baxımdan mümkün sabitləşdirici və ya təhlükəsizlik qüvvələrinin hansı formatda və hansı mandatla formalaşdırılacağı əsas müzakirə mövzularından biri olacaq. Digər mühüm istiqamətlərdən biri isə HƏMAS-ın tam silahsızlaşdırılması və Qəzzanın terror elementlərindən təmizlənməsi məsələsidir”, – deyə H. Babaoğlu bildirib.

Deputat qeyd edib ki, burada əsas müzakirə mövzusu üzv dövlətlərin maliyyə payı məsələsi deyil. Onun fikrincə, məsələyə bu aspektdən yanaşmaq düzgün olmazdı.

“Söhbət potensial olaraq yeni beynəlxalq təşkilat statusu qazana biləcək bir təsisat modelindən gedir. Belə ki, faktiki olaraq Sülh Şurasının gündəliyinə daxil edilən məsələlər hazırda Birləşmiş Millətlər Təşkilatı və onun müxtəlif struktur bölmələrinin fəaliyyət dairəsinə aid mövzulardır. Lakin həmin qurumların mövcud şəraitdə qeyri-effektiv və ya qeyri-funksional fəaliyyəti fonunda yeni mexanizmin təşəbbüs edildiyi görünür. Məhz bu prizmadan yanaşdıqda, Sülh Şurasının perspektivləri və gələcək rolu barədə daha obyektiv nəticələrə gəlmək mümkündür”, – deyə deputat əlavə edib.

Deputat eyni zamanda vurğulayıb ki, dünyanın gələcəyində mühüm rol oynamaq potensialına malik istənilən beynəlxalq təşkilatla əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Çünki Azərbaycan bu gün təkcə güclü və müstəqil dövlət kimi deyil, eyni zamanda formalaşmaqda olan yeni beynəlxalq nizamın qurulmasında fəal iştirak etməyə iddialı aktor kimi çıxış edir. Onun fikrincə, bu yanaşma ölkənin çoxtərəfli diplomatiyaya verdiyi önəmin, qlobal təşəbbüslərdə fəal şəkildə təmsil olunmaq iradəsinin və regional çərçivədən kənarda da söz sahibi olmaq strategiyasının məntiqi davamı kimi qiymətləndirilə bilər.

Tahirə Qafarlı

Seçilən
147
hafta.az

1Mənbələr