ABŞ ordusunun yaxın günlərdə İrana qarşı hərbi əməliyyata başlamağa hazır olduğu barədə məlumatlar yayılıb.
Turkustan.az The New York Times nəşrinə istinadən xəbər verir ki, Pentaqonun Yaxın Şərqdə hava və dəniz qüvvələrini ciddi şəkildə artırdığı, əməliyyatın hətta həftə sonu başlaya biləcəyi bildirilir. Məlumata görə, qərar mərhələsində əsas söz ABŞ Prezidenti Donald Trampa məxsusdur.
ABŞ-ın bölgəyə onlarla yanacaq doldurma təyyarəsi və 50-dən çox əlavə döyüş təyyarəsi göndərdiyi qeyd olunur. Həmçinin “USS Abraham Lincoln” və “USS Gerald Ford” təyyarədaşıyan qruplarının Yaxın Şərq istiqamətində yerləşdirildiyi bildirilir.
The New York Times nəşrinin yazdığına görə, ABŞ ordusunun bölgədə topladığı hərbi güc 2003-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Ağ Evə ordunun həftə sonuna qədər hücuma tam hazır ola biləcəyi barədə məlumat verilib.
Axios və CBS News-un məlumatına görə, Pentaqon Cenevrədə İranla aparılan danışıqları “boşuna” hesab edir. ABŞ və İsrailin mümkün birgə hava zərbələrinə hazırlaşdığı iddia olunur. İranın nüvə proqramı ilə bağlı güzəştə getməsi üçün vaxtın məhdud olduğu vurğulanır.
Ağ Ev sözçüsü Karolin Levitt isə diplomatiyanın hələ də prioritet olduğunu desə də, Vaşinqtonda hərbi ssenarinin ciddi şəkildə müzakirə edildiyi bildirilir.
Hücumun vaxtı: Bəzi amillər həlledici ola bilər. Məlumatlara görə, mümkün əməliyyatın zamanlamasında üç əsas faktor nəzərə alınır:
Qış Olimpiya Oyunlarının başa çatması,
Ramazan ayının başlanması.
Bəzi mənbələrə görə, hücum qərarı bu tarixlərdən sonra verilə bilər.
İsrail tərəfi də ehtimal olunan müharibəyə qarşı hazırlıq səviyyəsini artırıb. İsrail ordusunda icazələrin ləğv oluna biləcəyi, əhaliyə erkən xəbərdarlıq sisteminin tətbiq ediləcəyi bildirilir. Hərbi ekspertlər mümkün müharibənin “indiyədək görünməmiş miqyasda” ola biləcəyini iddia edirlər.
Beynəlxalq müşahidəçilər isə xəbərdarlıq edir ki, belə bir hücum regionda genişmiqyaslı qarşıdurmaya və ağır nəticələrə səbəb ola bilər. ABŞ ilə İran arasında gərginlik pik həddə çatdığı bir vaxtda, son qərarın nə olacağı dünya ictimaiyyətinin diqqət mərkəzindədir./Musavat.com



