AZ

Prezidentin Sülh Şurasında iştirakının əhəmiyyəti

Yazını böyüt
Yazını kiçilt

Yeni dünya nizamını yaratmaq üçün kimsə məsuliyyəti öz üzərinə götürməli idi”

“BMT öz funksiyasını itirib və dünyada baş verən proseslərə təsir etmək gücündə olmayan bir təsisata çevrilib. Bu baxımdan BMT TŞ-nin qəbul etdiyi qərarların da kağız üzərində qalması dünya siyasətində xaotik bir vəziyyət yaradıb. O cümlədən bu gün dünyada beynəlxalq hüquq deyil, ‘kim güclüdürsə, o da haqlıdır’ siyasəti hökm sürür. Belə bir xaotik beynəlxalq münasibətlər sistemində ədalətli yeni dünya nizamını yaratmaq üçün kimsə məsuliyyəti öz üzərinə götürməli idi”.

Bunu Hafta.az-a deputat Azər Badamov Azərbaycan Prezidentinin Sülh Şurasının tədbirində iştirak etmək üçün ABŞ-a səfəri ilə bağlı qeyd edib.

A.Badamov bildirib ki, ABŞ Prezidenti Donald Tramp bu məsuliyyəti öz üzərinə götürərək Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. Oktyabrın 13-də Şarm əl-Şeyxdə Donald Trampın təşəbbüsü ilə Sülh Şurasının təsis konfransı keçirilib və nizamnaməsi qəbul olunub. Beləliklə, dünya nizamında yeni təhlükəsizlik arxitekturası qurulur. Azərbaycan da bu prosesin iştirakçısıdır.

“Donald Tramp dövlət başçımızı Sülh Şurasının nizamnaməsinin qəbul olunması tədbirinə dəvət etmişdi. Bu gün – fevralın 19-da isə Sülh Şurasının ilk iclasına dəvət edib və Prezident həmin iclasda iştirak edir. Sülh Şurasının ilk sammitinə dünya səviyyəli, diplomatik nüfuz sahibi olan şəxslər dəvət olunub. Dövlət başçımız Sülh Şurasının ilk sammitinə müharibəni ədalətli şəkildə sonlandıraraq sülh yaratmış bir lider kimi qatılıb. Bu, həm də dünyada davam edən münaqişələrlə bağlı qərarların qəbul edilməsində Azərbaycanın təcrübəsindən istifadə olunmasına imkan yaradacaq”, – deputat deyib.

O, eyni zamanda bildirib ki, Prezidentin Sülh Şurasının ilk iclasında iştirakı Azərbaycan–Ermənistan sülh prosesinə dəstək, həmçinin regiondakı digər dövlətlərə mesaj göndərmək baxımından önəmlidir.

“Səfər həm də Azərbaycanın regional liderlik mövqeyini göstərir və tərəfdaş dövlətlərə ölkənin münaqişələrin sülh yolu ilə həllinə verdiyi önəmi vurğulayır. Prezident İlham Əliyevin Sülh Şurasının ilk sammitində iştirakı Azərbaycanın qlobal və regional sülh proseslərində etibarlı və fəal tərəfdaş olduğunu nümayiş etdirmək baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan–ABŞ münasibətlərinin inkişafına da yeni impuls verəcək. Dövlət başçımız səfər çərçivəsində bir sıra görüşlər keçirəcək və ölkələrimiz arasında əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparacaq”, – deputat deyib.

Tahirə Qafarlı

Seçilən
44
hafta.az

1Mənbələr