AZ

Karlson-İsrail qalmaqalı böyüyür

AzVision.az xəbər verir ki, Taker Karlson özünün İsrailin Ben-Qurion Hava Limanında saxlanıldığını bildirdikdən sonra Naftali Bennet belə deyib.

“Son iki ildə İsrail haqqında yalanlar yayan şəxs bu gün Ben-Qurion aeroportuna eniş etdi, logistika sahəsində qısa bir şəkil çəkdi və İsraildə olduğu görüntüsünü yaratmaq üçün “Twitter”də paylaşdı. Məqsədi sonradan İsrailə gəlmiş ciddi bir reportyor olduğunu iddia etmək idi. O, İsrail torpağına heç ayaq da basmadı və sonra guya təhlükəsizlik xidmətimiz tərəfindən təqib olunduğu barədə bir rəvayət uydurdu (əslində belə deyil), gileyləndi, yenidən şəxsi təyyarəyə mindi və uçub getdi”, – siyasətçi “X” sosial şəbəkəsində yazıb.

Bundan əvvəl Taker Karlson “Daily Mail” qəzetinə açıqlamasında bildirib ki, o və işçiləri ABŞ səfiri Mayk Hakabi ilə müsahibədən sonra İsraildə qısa müddətə saxlanılıblar. Jurnalistin sözlərinə görə, özlərini aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər icraçı prodüserin pasportunu götürərək onu ayrı bir otağa aparıblar və sonra Karlsonun səfirlə nələri müzakirə etdiyini soruşublar.

İsrail Hava Limanları İdarəsi saxlanılma iddialarını qətiyyətlə rədd edib.

- Karlson və yoldaşlarına bir çox səyahətçiyə tətbiq olunan standart prosedurlara uyğun şəkildə nəzakətlə bir neçə standart sual verilib. Söhbət yalnız onların şəxsi həyatını qorumaq və ictimai yerlərdə belə bir müzakirənin qarşısını almaq üçün VIP salonundakı ayrıca otaqda baş tutub”,– idarənin açıqlamasında vurğulanır.

ABŞ-nin bu ölkədəki səfiri Mayk Hakabi də xatırladıb ki, İsrailə daxil olan və ya İsraildən çıxan hər kəsin pasportları yoxlanılır və onlara standart təhlükəsizlik sualları verilir.

Naftali Bennet isə bütün deyilənlərə“Növbəti dəfə İsrail haqqında guya mütəxəssis kimi danışanda bu adamın ikiüzlü olduğunu unutmayın!”ifadəsini əlavə edib.

“Daily Mail” nəşrinin yazdığına görə, Karlsonun Hakabi ilə görüşü ABŞ prezident administrasiyasının aralıq seçkilərindən əvvəl Respublikaçılar Partiyasının mühafizəkar koalisiyasında parçalanmanın qarşısını almaq cəhdi idi. Çünki İsrailin Respublikaçılar Partiyasındakı populyarlığı gənc respublikaçı seçicilər və Tramp tərəfdarları arasında ən aşağı səviyyədə qalır.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Taker Karlsonu və digər partiya üzvlərini bu məsələ ilə bağlı respublikaçılar arasında daxili fikir ayrılıqlarını aradan qaldırmağa çağırmışdı.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
66
azvision.az

1Mənbələr