Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə fevralın 20-si səhərədək bəzi ərazilərdə güclü külək, fasilələrlə yağıntı və temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin məlumatında bildirilir ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və hündür ağacların altında dayanmaq təhlükəlidir.
Küləkli hava yanğınların söndürülməsini çətinləşdirdiyi üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmamalıdır.
Soyuq hava qaz və elektrik qızdırıcı cihazlarından istifadənin artmasına səbəb olduğundan, nasaz, qeyri-standart və ya kustar qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək qızdırıcılar nəzarətsiz qoyulmamalıdır.
FHN əhalini təhlükəsiz davranmağa və tövsiyələrə ciddi əməl etməyə çağırır.