AZ

Qədim onurğalıların dörd gözü olub?

Alimlər epifiz vəzinin təkamül mənşəyi ilə bağlı diqqətçəkən araşdırma aparıblar. Tədqiqatın nəticələrinə görə, insanlarda melatonin hormonu ifraz edən epifiz vəzi milyon illər əvvəl yaşamış qədim onurğalıların ikinci göz cütündən əmələ gəlmiş ola bilər.

Araşdırmalara görə, Yer kürəsində məlum olan ən qədim onurğalı 518 milyon il əvvəl Kembri ( davamiyyəti 85 mln. ilə yaxındır. Bu dövrdə karbonat, silisium, fosfat mineral sekresiyalı skeletli heyvanların kütləvi şəkildə meydana gəlməsi müşahidə edilir) dövründə yaşamış Myllokunmingia hesab olunur. Bu canlı indiki Çin ərazisinə yaxın sularda mövcud olub. Həmin dövr həm ilk onurğalıların, həm də bir çox onurğasız növlərin meydana çıxdığı mərhələ kimi tanınır.

Çin və Böyük Britaniyadan olan tədqiqatçılar Çinin cənubundakı Çenzyanq (Chengjiang) formasiya qatında aşkar edilmiş 10 ədəd Myllokunmingia fosilini analiz ediblər. Nümunələrin altısı Haikouichthys ercaicunensis növünə aid edilsə də, digərlərinin dəqiq təsnifatı mümkün olmayıb.  Alimlər bildiriblər ki, göz kimi yumşaq toxumalar adətən fosillərdə qorunmur. Lakin bu nümunələrdə gözün qalıqlarını müəyyənləşdirmək mümkün olub. Müasir mikroskop texnologiyaları və müxtəlif kimyəvi analizlər nəticəsində canlıların üzünün hər iki tərəfində iki iri göz və üzün mərkəzində iki kiçik gözün yerləşdiyi müəyyən edilib. Beləliklə, məlum olub ki, ən qədim onurğalılardan biri dörd gözə sahib olub. 

Tədqiqatın nəticələri nüfuzlu elmi jurnal olan “Nature” nəşrində dərc olunub. Məqalənin aparıcı müəllifi Peiyun Conq bildirib ki, əvvəlcə iri gözlər üzərində araşdırma aparıblar və onların arasında iki kiçik, lakin tam funksional gözün mövcudluğunu aşkar etmək onlar üçün gözlənilməz olub. Araşdırma zamanı bütün gözlərdə melanozomların mövcudluğu təsdiqlənib. Bu isə həmin orqanların “kamera tipli” gözlər olduğunu, yəni görmə qabiliyyəti üçün işığa ehtiyac duyduğunu göstərir. Gözlərdə müəyyən edilən dairəvi strukturların isə linza olduğu ehtimal edilir. Bu da canlıların təkcə işığı hiss etmədiyini, eyni zamanda, görüntü formalaşdıra bildiyini göstərir. 

Alimlər hesab ediblər ki, inkişaf etmiş görmə qabiliyyəti bu dəniz canlılarına Kembri partlayışı dövründə meydana çıxan iri yırtıcılardan qorunmaq imkanı verib. Tədqiqatın digər müəllifi Yakob Vinther qeyd edib ki, dörd göz daha geniş görmə sahəsi təmin etmiş ola bilər ki, bu da yırtıcılardan yayınmaq üçün həyati üstünlük yaradıb.

Tədqiqatçılar ikinci göz cütünün zamanla təkamül keçirdiyini və bəzi müasir onurğalılarda müşahidə edilən paryetal gözün ilkin forması ola biləcəyini düşünürlər. Bu strukturla əlaqəli olan epifiz vəzi insanlarda və bir çox digər onurğalılarda melatonin ifraz edərək yuxu rejimini tənzimləyir.

Alimlərin qənaətinə görə, epifiz vəziləri ilkin mərhələdə görüntü yaradan funksional gözlər olub. Lakin təkamülün sonrakı mərhələlərində kiçilərək görmə qabiliyyətini itiriblər və bu gün əsasən bioloji saatın və yuxu rejiminin tənzimlənməsində iştirak edən endokrin vəzi funksiyasını yerinə yetirirlər.

Şahnigar Əhmədova, “İki sahil”

Seçilən
32
ikisahil.az

1Mənbələr