AZ

Nə üçün kişilər özəl günləri unudurlar? – MARAQLI SƏBƏB

Qadınlarla kişilər arasında bir çox məsələdə mübahisə yaşanır.

Bunlardan biri də doğum, nişan və ya evlilik gününün bəylər tərəfindən unudulmasıdır. Demək olar ki, bu problem kişilərin əksəriyyətində yaşanır. Onlar, sözügedən tarixləri ya yanlış xatırlayır, ya da ümumiyyətlə unudurlar. Bu isə xanımlar tərəfindən qəzəblə qarşılanır. Nəticədə, tərəflər arasında mübahisə yaranır.

Bəs bu vəziyyətə səbəb nədir? Nə üçün qadınlar özəl günləri illər keçsə də yadda saxlaya bilirlər, kişilər isə bu tarixləri unudurlar. Bunu psixoloji olaraq necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlama verib.

O bildirib ki, bu fərq yaddaşın güclü və ya zəif olması ilə bağlı deyil:
“Əsas məsələ beynin informasiyanı necə kodlaşdırmasıdır. Qadınlar üçün doğum günü, nişan və evlilik tarixləri sadəcə təqvim məlumatı deyil, emosional hadisədir. Həmin günlərdə yaşanan hisslər (sevilmək, seçilmək, dəyərli olmaq, qəbul olunmaq və s.) çox güclü olur. Güclü emosiya isə beyində hadisəni daha dərin yaddaşa yazır. Psixologiyada buna “emosional yaddaş” deyilir. Yəni nə qədər çox hiss varsa, yaddaş izi o qədər qalıcı olur. Ona görə qadın həmin günü xatırlayanda faktı yox, hissi xatırlayır. Tarix isə hissin açarı kimi yadda qalır”.

Psixoloqun sözlərinə görə, kişilərdə isə eyni hadisə çox vaxt məsuliyyət və rol dəyişikliyi kimi kodlaşır:
“Yəni bu hadisə ailə qurmaq, təmin etmək, öhdəlik götürmək kimi kodlanır. Onlar, hadisənin dəqiq tarixini deyil, sadəcə mənasını yadda saxlayırlar. Kişi üçün “evləndiyim gün” anlayışı var, amma konkret tarix kimi rəqəm detalları prioritet olmur. Çünki kişi beyni informasiyanı daha çox funksional kateqoriyalara ayırır. Orada yalnız işə yarayan məlumat qalır, simvolik tarix isə arxa plana keçir”.

Zəhra Zahidova qeyd edib ki, qadın münasibəti xatırlamalar üzərindən yaşadır:
“Tarixi xatırlamaq onun üçün sevgini yenidən yaşamaqdır. Kişi isə münasibəti qayğı göstərək, kömək edərək, yanında olaraq, yəni davranış üzərindən yaşadır. Ona görə qadın üçün “xatırlamaq”, kişi üçün isə “yanında olmaq” artıq dəyər vermək deməkdir. Yəni problem unutqanlıq deyil, sevgi dilinin fərqli işləməsidir ki, qadın xatirəni qoruyur, kişi isə münasibəti davam etdirir”.

Pərviz
 

Seçilən
30
hit.az

1Mənbələr